Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com saytına açıqlamasında Səfəvi dövlətini fəlakət tariximiz kimi dəyərləndirib. Ardınca o bildirib ki, səfəviliyin bizim bu günki milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur: “Göy türklərdən, Səlcuqlulardan, Qaraqoyunludan, Ağqoyunludan çox şeyləri milli miras olaraq ala bilərik, bunlardan isə miras ala biləcək tək ölkə bugünki İrandır, onun ideoloji rejimidir. Səfəvilik Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır. Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir”.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə F. Mustafanı bu kimi yanaşması ilə İranın hazırkı rejiminə xidmət etməkdə suçladı: “Səfəvilər dövlətinə, onun tarixinə bu cür yanaşma subyektiv bir yanaşmadır. Birinci dəfə deyil ki, Fazil bəy bu məsələlərlə bağlı anoloji fikirlər səsləndirir. Bu zaman onun nəyə əsaslandığını deyə bilmərəm. Qənaətimə görə onun qaldırdığı bu kimi məsələlər və tezislərə cavabı Azərbaycan tarixçiləri verməlidirlər. Bundan öncə də belə məsələlərə münasibət kifayət qədər bildirilib. Akademik Ramiz Mehdiyev məsələ ilə bağlı vaxtilə məqalə ilə çıxış etmişdi. Qənaətimə görə Fazil bəyin bu fikirlərində yanlış bir yanaşma var. Bu yanaşma da Azərbaycanda türkçülük şüurunun inkişafı perspektivinə Türkiyə-Azərbaycan və İran-Azərbaycan münasibətləri çərçivəsindən olan bir yanaşmadır. Milli şüur konkret bir dövlət və dövlətlərarası münasibətlər kontekstində formalaşmır. Azərbaycanlılar mənşəcə türkdürlər və bütün türk dünyası ilə qohumluq əlaqələrinə malikdirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün İran adlanan dövlətdə 35 milyondan çox azərbaycan türkləri və digər türk soyları yaşayır. Onlar da bizimlə eyni genetikanın, qanın daşıyıcılarıdır. Məsələyə bu aspektdən yanaşanda müəyyən qədər həssas yanaşmaq gərəkdir. Səfəvilər dövləti İran dövləti deyil. Bu yanaşma birmənalı şəkildə İranın indiki rejiminin maraqlarına xidmət edir. Çünki İran amilinin önə çəkilməsi və onun fars mədəniyyətinin tərkib hissəsi kimi təqdim edilməsi mövcud İran rejiminin maraqlarını ifadə edir. Səfəvi ideologiyası və dövlətinə İran mənşəli müstəvisindən yanaşmaq kökündən yanlışdır. Bu dövlət türk dövləti olub və onu da azərbaycanlılar qurublar. Əslində bu amillərin qabardılmasının özü belə Azərbaycana ziyan gətirən məsələdir. İndiki şəraitdə tarixi rahat buraxmaq lazımdır. Səfəvi-Osmanlı münasibətlərini araşdırmağa başlasaq, onda qarşımıza kifayət qədər ciddi problemlər çıxacaq. Bir tərəfdən, Əmir Teymur, o biri tərəfdən İldırım Bəyazit, digər tərəfdən də Şah İsmayıl Xətai çıxacaq. Azərbaycan türkləri də daxil olmaqla tarixdə türklər müxtəlif imperiyalar qurub. Həmin imperiyalar arasında hakimiyyət və daha geniş ərazilərə sahib olmaq uğrunda mübarizə gedib. Bu liderlərin, ayrı-ayrı hökmdarların bir-biri arasında olan savaş olub. Onu bu günkü tarix müstəvisindən dəyərləndirmək, dövlətləri qarşı-qarşıya qoymaq kökündən yanlışdır. Onu da nəzərə alaq ki, həmin dövrdə millət anlayışı da olmayıb. Millət anlaşıyı XVIII əsrin sonu-XIX əsrin əvvəllərindən başlayan bir anlayışdır. Barış nöqtəsi axtarmaq lazımdır. Tarix heç zaman hamar olmayıb, ziqzaqvari olur. Tarixi araşdıranda ortalığa yaxşı məqamlarla yanaşı, neqativ məqamlar da çıxır. Tarixi tarixçilərin öhdəsinə buraxmalı, məsələni siyasiləşdirməməliyik. Səfəvi-Osmanlı münasibətlərini, Azərbaycan türklərinin dünyagörüşünün formalaşmasında səfəvi faktorunun qabardılması və onun neqativ amil kimi önə çəkilməsi milli maraqlarımıza xidmət edən məsələ deyil”.
ELÇİN