ABŞ Federal Ehtiyat Sistemi (FED) dünən, iyunun 14-də uçot dərəcəsinin 0,25 faiz bəndi – 1-1,25%-dək artırılması ilə yanaşı balansın azaldılmasına dair qərar qəbul edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, iclasdan əvvəl ABŞ inflyasiya və pərakəndə satışa bağlı may hesabatına mənfi reaksiya verən dollar, daha sonra FED qərarı ilə möhkəmlənib. Qeyd edək ki, FED öz balansında olan qiymətli kağızların satılması barədə qərarını yumşaq şəkildə ifadə edib. Belə ki, FED balansında olan dövlət istiqrazlarının maksimal satış həcminin aylıq 6 mlrd. dollar olmaqla hər 3 ayda daha 6 mlrd. artıraraq 12 aydan sonra 30 mlrd. dollar səviyyəsinə çatdıracağını bildirib. FED ipoteka kreditləri ilə təmin edilmiş qiymətli kağızların maksimal aylıq satış həcmini 4 mlrd. dollar olmaqla hər 3 aydan bir daha 4 mlrd. dollar artırmağı və 12 aydan sonra 20 mlrd. dollara çatdırmağı planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, FED-in balansında 2007-2009-cu il böhranı zamanı maliyyə bazarlarında likvidliyi təmin etmək üçün aldığı 4,2 trln. dollarlıq qiymətli kağızlar var.
Analitik qrup bildirir ki, FED-in balansın yumşaq şəkildə azaldılması planları dolların məzənnəsinə qısa müddətdə ciddi təsir etməsə də, uzunmüddətli perspektivdə dollar qıtlığı yaradaraq onun möhkəmlənməsinə gətirib çıxaracaq. Belə bir proqnozun təxminən 2018-ci ilin sonuna təsadüf edəcəyi gözlənilir. Əsas valyuta cütlüyü sayılan avro/dollar məzənnəsinin yaxın aylarda 1,15 USD/EUR səviyyəsinə yaxınlaşdıqdan sonra geriləyəcəyi gözlənilir. 2018-ci ildən etibarən isə məzənnə paritetə doğru irəliləyəcək və növbəti illərdə dollar avrodan daha möhkəm valyuta olacaq.