FED-in son qərarı manatın möhkəmlənməsinə dəstəkdir – Ekspert rəyi

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) dünən keçirilən son iclasında qurum uçot dərəcəsini 0,25 faiz artırmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il qaldırıb. 2015-ci ilin dekabrın 14-də uçot dərəcəsinin baza faiz dərəcəsi illik 0,5-0,75 faiz artırıldı. Bundan sonra keçirilən iclaslarda isə uçot dərəcəsi dəyişdirilməyib.

Görəsən, FED-in bu son qərarı valyuta məzənnəsi siyasətinə nə vəd edir?

Yenicag.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, hazırda valyuta bazarlarında müşahidə olunan proses faktiki olaraq onu deməyə əsas verir ki, FED-in uçot dərəcəsini artırması ciddi təsirlərlə yadda qalmayacaq:

“Maraqlı məqamlardan biri kimi onu qeyd etmək istərdim ki, görünür 2015-ci ilin dekabrında FED-in uçot dərəcəsini qaldırmaqla bağlı qərarının növbəti iki mərhələdə hiss edilməməsinin əsas səbəbi valyuta bazarı iştirakçılarının mövqelərini gözləntilərə uyğunlaşdırmaları ilə əlaqədardır. Xüsusilə də ötən gün üçün uçot dərəcəsinin artırılacağı ilə bağlı ehtimallar o qədər yüksək olub ki, valyuta bazarı iştirakçıları faktiki olaraq həmin ehtimalı ən yüksək səviyyədə qoruyurdular. Uçot dərəcəsinin artımı ilə dollar digər valyutalara qarşı öz mövqeyini sürətlə itirməyə başladı. Halbuki, əslində ən azından qısa müddətli dövr üçün olsa da belə, dolların məzənnəsində digər valyutalara nisbətdə müəyyən möhkəmlənmə baş verməli idi. Amma bunun əksi yaşandı. Bu da “doymuş” bazarla, yəni bazar iştirakçılarının artıq öz mövqelərini FED-in qərarına öncədən uyğunlaşdırmaları ilə bağlı olub.

Digər tərəfdən, FED-in il ərzində uçot dərəcəsini artırma ehtimalının 3 deyil, bir qədər azaldılması kimi faktorların da təsir etdiyi göstərilir. FED-in qərarı ümumiyyətlə, məzənnədə ciddi dəyişikliklərə gətirib çıxartmayacaq. Bir neçə gün ərzində valyuta bazarlarında stabillik bərpa olunacaq. Digər valyutaların dollara nisbətən məzənnə səviyyəsinin mart ayının əvvəlində müşahidə etdiyimiz səviyyədə görəcəyik. Azərbaycan manatına gəldikdə, son zamanlar görürük ki, milli valyutamız mərhələli şəkildə möhkəmlənməyə başlayıb. Bu, əsasən tələbin aşağı düşməsilə əlaqələndirilir.
Eyni zamanda, FED-in uçot dərəcəsini artırmaqla bağlı dünya bazarlarında ciddi dəyişikliyin baş verməməsi, dolların mövqeyində möhkəmlənmənin olmaması da manatın bundan sonra daha bir neçə həftə ərzində möhkəmlənməsi prosesinə əlavə dəstək ola bilər. Çünki bu istiqamətdə psixoloji təzyiq gözlənilirdi. Amma faktiki olaraq, baş verənlər nəticəsində məlum olur ki, hər hansı bir ciddi dəyişikliklər olmayacaq. Bu isə manat üçün hələlik, riskli dövrün olmaması deməkdir”.

ELÇİN

Yeniçağ.az