Fədayə Laçın qaçan məhbusa necə kömək edib? – Həbsin təfərrüatı

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, müğənni qaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Bu zaman “Qoca” maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib.

Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan “Qoca”nın fotoları vurulub.

Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.