Son illər paytaxtın genişləndirilməsi mətbuatda ən çox müzakirə olunan mövzulardandır.
Bu məsələ Bakının Baş Planında da öz əksini geniş şəkildə tapıb. Xatırladaq ki, Baş Planda şəhərin bir necə istiqamətdə genişləndirilməsi nəzərdə tutulub. Mütəxəssislər isə şəhərin şimal hissəsindəki ərazilərin şəhərsalmanın tələblərinə tam cavab verdiyini deyirlər. Amma bir məsələ var ki, adıçəkilən ərazinin ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilməsi və burada çoxlu sayda fərdi evlərin tikilməsi müəyyən çətinliklər yaradıb. Doğrudur, paytaxtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində bəzi ərazilərdə şəhərin ümumi görünüşünə xələl gətirən tikililər sökülərək, yerində müasir tələblərə cavab verən binalar, park və xiyabanlar salınıb. Amma bununla belə narahatlıq doğuracaq problemlər hələ də qalmaqdadır. Bu problemlər isə əsasən özünü yağışlı havalarda göstərir.
Şəhərsalma üzrə tanınmış mütəxəssis, ömrünün 40 ildən çoxunu tikinti və şəhərsalma sahəsinin inkişafına həsr etmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev Yenicag.az-a bu istiqamətdə görülməli olan vacib işlərdən danışıb.
– Cahangir müəllim, ilk öncə şəhərsalma ilə bağlı məlumat verməyinizi xahiş edərdik
– Şəhərsalma məskunlaşmanın ən elitar bir formasıdır. Şəhərsalma insanlar üçün sağlam, təhlükəsiz və münasib həyat fəaliyyəti şəraitinin təmin edilməsinə xidmət edir. Təbii ki, bu prosesin həyata keçirilməsi üçün əvvəlcə müvafiq şəhərsalma sənədi hazırlanmalıdır. Şəhərsalma sənədlərinin daha çox yayılmış forması ümumi plandır. Bu, daha çox regionları əhatə edir. Ondan sonra baş plan gəlir və ən nəhayət, müfəssəl planlaşdırma layihələri hazırlanır. Bu üç sənəd şəhərsalmada insanların ehtiyacının ödənilməsi üçün zəmanət verir. Bu sənədlər müxtəlif peşə sahibləri tərəfindən hazırlanandan sonra geniş müzakirə olunur. Şəhərsalma və tikinti məcəlləsinin tələblərinə görə həmin sənədlər mütləq ərazidə yaşayan əhali tərəfindən bəyənilməlidir. Yəni onlar da müzakirələrdə iştirak etməlidir. Sovetlər dönəmində yalnız layihəçilərin müəyyən elədiyi qərar əsas götürülürdüsə, indi yeni məcəllədə cəmiyyətin fikri önə çəkilib. Artıq cəmiyyətin intellektual səviyyəsi o qədər inkişaf edib ki, əhalinin özü şəhərsalma amilinə çevrilib. Bir məsələni qeyd etmək lazımdır ki, prezident İlham Əliyevin 2013-cü il yanvarın 1-də imzaladığı qanuna əsasən şəhərsalma və tikinti məcəlləsinin fəaliyyəti xeyli demokratikləşdirilib. Əgər əvvəllər çox xırda bir tikinti işi böyük proseslərdən keçirdisə, indi məlum sərəncamdan sonra bu məsələlər xeyli sadələşdirilib.
– Sizcə, Bakının hansı əraziləri şəhərsalmanın tələblərinə cavab verir?
– Şəhərsalmanı həyata keçirtməkdə iki vacib amil nəzərdə tutulub. Birincisi, həmin şəhərin, yaşayış məsgəninin yerləşdiyi ərazi, ikincisi isə əhali. Ərazi planlaşdırma sənədinin vəzifəsi ondan ibarətdir ki, həmin ərazidə elə şərait yaradılsın ki, orada yaşayan insanların davamlı, dayanıqlı və həyat fəaliyyəti təmin olunsun. Təbii ki, tarixən məskunlaşma əraziləri hansısa çayların kənarında olub. Lakin illər keçdikdən sonra şəhərlər əsasən kənd təsərrüfatı üçün yararlı olmayan ərazilərdə salınmağa başlayıb. Bu zaman şəhərdə daha çox coğrafi relyef əsas götürülüb. Tarixən Bakıda şəhərsalma baxımından çox nümunəvi anfiteatr mövcuddur. Amma bunların içərisində hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Yeri gəlmişkən, Bakı şəhəri Binəqədi rayonu öz xüsusiyyətinə görə Bakının digər rayonlarından fərqlənir. Aydın məsələdir ki, Binəqədi rayonu tarixən mövcud olan kənd və qəsəbələrdən ibarətdir. Həm də modern şəhərsalma obyektləri olan mikrorayonları var. Xatırladım ki, bu cür yaşayış massivi Bakının iki rayonunda – Binəqədi və Nəsimi rayonlarında mövcuddur. Ən çox mikrorayonlar isə Binəqədi rayonunun ərazisində yerləşir.
Bakı rayonları üçün bu gün ən vacib sənəd müfəssəl planlaşdırma layihəsidir. Çox təəssüflə qeyd edim ki, son 30 ildə Bakıda bir sıra rayonların ərazisi nizamsız məskünlaşmaya məruz qalıb. Hansı ki, əksər tikililəri 1 mərtəbədən ibarət olan Sulutəpə və Xocasən şəhərsalma baxımından çox səmərəli istifadə olunan və xüsusi peyzaj yaradıla bilən bir ərazidir. Amma ərazi planlaşdırma sənədi olmaması ucbatından biz bunları reallaşdıra bilməmişik. Bütün bunlar heç də ayrı-ayrı adamların günahı ucbatından baş verməyib. Əsasən, 90-cı illərdə mənfur qonşularımızın apardığı çirkin siyasətin nəticəsi olaraq, soydaşlarımız nəinki Ermənistandan, hətta Dağlıq Qarabağ və onun ətraf rayonlarından məcburi şəkildə Bakıya üz tutublar. Yaranmış çətinliklər nəticəsində həmin insanlar nizamsız şəkildə Bakıda yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, ayrı-ayrı fərdi evlərdə, yaxınlarının mənzillərində, o cümlədən şəhərətrafı qəsəbələrdə məskunlaşmalı olublar. Çox təəssüflər olsun ki, bu gün də insanlar yataqxanalarda ağır şəraitdə yaşamaqdadırlar. Amma bu da həqiqətdir ki, həmin illər yaranmış ağır vəziyyətdən istifadə edilərək, heç qaçqın və məcburi köçkün olmayan insanlar da Bakıətrafı ərazilərdə özləri üçün torpaq əldə etmiş və xeyli sayda sənədsiz evlər tikmişlər. Nəticədə, ərazidə tikintinin sıxlığının çoxalması ilə əhalinin sıxlığı arasında çox böyük bir ziddiyyət yaranmışdır. Bir sözlə, torpağın qıt olduğu bir ərazi az müddət ərzində birmərtəbəli evlərlə dolduruldu. Hansı ki, həmin ərazilərdə hündür mərtəbəli yaşayış evləri tikilsəydi onda biz kifayət qədər boş torpaq sahəsi əldə etmiş olardıq. Eyni zamanda çoxmənzilli binalarda kifayət qədər insan məskunlaşdıra bilərdik. Ümumiyyətlə, fərdi tikililərə o yerlərdə icazə verilməlidir ki, o yerlər çoxmərtəbəli, çoxmənzilli evlərin tikilməsi üçün münasib sayılmır. Əlavə edim ki, nizamsızlığın nəticəsidir ki, şəhərdə kommunikasiya xətlərinin çəkilməsində də problemlər yaranıb. Vaxtı ilə çəkilmiş xətlər indiki tələblərə cavab vermir. Nəticədə, yağış yağan kimi yolları, evləri su basır. Bu gün elə yaşayış massivləri var ki, orada telefon xətti belə yoxdur.
-Dediklərinizdən belə çıxır ki, şəhər yerində insanların fərdi evlərdə yaşaması qaydalara uyğun deyil.
-Yox, mən elə fikirləşmirəm. Əksinə, son tikinti məcəlləsi ilə biz bir inqilabi dəyişikliyə nail olduq. Bu dəyişikliklər ondan ibarət idi ki, fərdi evlərin tikintisi 3 mərtəbəyə qədər, hündürlüyü 12 metrdən çox olmamaq şərti ilə məlumatlandırma yolu ilə həyata keçirilir. Əvvəllər insanlar güc-bəla ilə birmərtəbəli evin tikintisinə icazə ala bilirdilərsə bu gün bu, çox sadələşdirilib. Çünki sovetlər dönəmində belə bir psixologiya mövcud idi ki, şəhərdə yaşayan insanların hamısı çoxmənzilli binalarda yaşamalıdır və heç kimin fərdi yaşayış imkanlarına uyğun evləri olmamalıdır. Amma indi bu çətinliklər aradan qaldırılıb. Təklif edirdim ki, bundan sonra vətəndaşlarımız tərəfindən icra hakimiyyətlərinə təqdim etdikləri layihə 3 mərtəbədən az olmasın. Ola bilsin ki, ilk növbədə vətəndaşların 3 mərtəbəni tikməyə imkanı olmasın. Amma bunu tikməklə onlar 3 nəslin mənzil problemini həll etmiş olarlar. Bunun digər tərəfdən xeyri o olar ki, bununla biz unudulan yurd məfhumunu geriyə qaytarmış oluruq. Bu baxımdan fərdi evlərin tikintisində məcəllənin verdiyi imkanlardan istifadə edərək 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə üstünlük vermək lazım deyil və 3 mərtəbəli fərdi evlərin tikilməsi daha məqsədə uyğun olardı.
– Cahangir müəllim, çoxmənzilli binalarda sonradan artırmalar meydana gəlib, bunun səbəbi nə ilə bağlıdır?
– Hamımızın yaxşı yadındadır ki, Sovetlər dönəmində mənzil almaq üçün hamı növbəyə durmalı idi. Həmin növbəliyə görə yaşadığın ərazidə ailənin hər bir üzvinə 5 kvadratmetrə qədər ərazi düşməli idi. İndi təsəvvür edin ki, o vaxt gənc bir ailə 2 otaqlı bir mənzildə məskunlaşıb, sonradan isə həmin ailənin sayı çoxalıb. 90-cı illərdə vəziyyət o həddə çatmışdır ki, yerin dar olması səbəbindən yayda insanlar balkonda yatırdı. Nəticədə, həmin o balkonlar sonradan yataq otağına çevrildi.
Bu gün ən çox acınacaqlı vəziyyət yuxarı mərtəbələrdə əlavə artırılmaların mövcud olmasıdır. Bu, birinci növbədə texniki cəhətdən çox təhlükəlidir. Binanın dayanıqlığına çox mənfi təsir göstərir. Acınacaqlı hal odur ki, bu artırmanı biri şüşəbənd edir, digəri taxta pəncərə vurur, o birisi isə açıq saxlayır. Burada Mənzil İstismar Sahələrinin də maraqları az olmayıb. Amma indiki özəlləşdirmə sənədlərində yazılır ki, elə ərazilərdə hər hansı əlavə tikililər aparılması qadağandır. Təbii ki, bu məsələnin yoluna qoyulmasında ümumi yanaşma vacibdir. Evin çölü təkcə ev yiyəsinin deyil, həm də cəmiyyətə, ictimaiyyətə aiddir. Hər bir binanın memarlığı müəyyən mənada cəmiyyətin estetik tərbiyəsinə çox müsbət təsir göstərir. Əlavə edim ki, vaxtı ilə bu cür yaradılmış problemlərin aradan qaldırılması çoxsaylı əsassız şikayətlərin meydana çıxmasına səbəb olub. Yaxşı haldır ki, son illər şəhərdə aparılan abadlıq-quruculuq işləri zamanı binaların üzlənməsinə də milli çalarlara geniş üstünlük verilir.
– Sonda təkliflərinizin səsləndirilməsini xahiş edərdik.
– Müfəssəl Planlaşdırma Layihəsi işlənən zaman hər bir ərazinin özünün təyinatı olmalıdır. Məsələn, piyada yolunda yaşıllıq salmaq olmaz.
Əvvəllər Bakıətrafı bəzi qəsəbələrdə 2-3 və 4 mərtəbəli çoxmənzilli binalar tikilib. Təklif edirəm ki, bu gün onları bəzəmək yox, onlardan istifadə edib, mənzil sahəsinin çoxaldılmasına nail olmaq olar. Yəni 3 mərtəbəli binanın 5 mərtəbəyə çevrilməsi yaxud da 2 mərtəbəlini 5 mərtəbəliyə çevirmək çox gözəl olardı. Onu da deyim ki, bu, o qədər də mürəkkəb bir məsələ deyil. Buna texniki cəhətdən mütəxəssislər tərəfindən layihələr işlənməli və ərazidən daha səmərəli istifadə olunmalıdır. Yaşadığım Biləcəridə elə binalar mövcuddur ki, 1 əsrdən çox yaşı var. Bu binaların özü muzey eksponatı kimidir. İlk baxışdan bəzi adamlar üçün bu adi görünə bilər, deyərlər ki, bu adamlar gör nəyin qeydinə qalırlar. Bu həm də bir tarix olaraq, gələcək nəsil üçün qalar. Bu baxımdan hesab edirəm ki, o ərazilərdə həmin binaların yenidən qurulması məqsədəuyğundur.
Binaların tikilməsi ilə yanaşı biz mövcud yaşıllıqların qorunmasına və həm də artırılmasına nail olmalıyıq. Şəhərsalma və məskunlaşma baxımından əhalinin maarifləndirilməsinə xüsusi ehtiyac var.
Sonda bir məsələni də əlavə etmək istəyirəm. Axır vaxtlar qanunsuz tikili sözü çox dəbdədir. İstər ictimaiyyət tərəfindən istərsə də dövlət məmurları tərəfindən bu tam yanlış bir fikirdir. Yaxud da hər hansı bir şəxs qanunsuz torpaq zəbt edib və.s. Bu fikirlər heç bir məntiqə sığmayan sözlərdir. Əvvala Azərbaycan vətəndaşının öz ölkəsində torpaq zəbt eləməsi hüquqi baxımdan normal ifadə deyil. Əgər kimsə hər-hansı formada torpaqdan istifadə edirsə deməli, o adam həmin torpaqdan sənədsiz istifadə edir. Belə evlər sənədsiz tikili kimi getməlidir. Bir məsələni də unutmaq lazım deyil ki, bir insan həqiqətən ev tikirsə, ona yardımçı olmaq lazımdır. Bu, mənim şəxsi fikrimdir. Bu gün rayonlarda, kəndlərdə tikilən evlərin əksəriyyətinin “kupça” deyilən sənədi yoxdur. Hansı ki, bu evlərin hər birinin özünün yaşı var. Bu gün onlara qanunsuz tikili deməyin özü bir yanlış fikirdir. Sənədsiz evlər kütləvi surətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, qeydiyyata və uçota alınmalı və vətəndaşlara müvafiq mülkiyyət sənədi verilməlidir. Təbii ki, bu zaman həmin evlərin təhlükəli zonada tikilib-tikilməməsi araşdırılmalıdır. Bir sözlə, ev tikintisi məsələsinə olduqca həssas yanaşılmalıdır. Dövlət əhəmiyyətli obyektlərin tikintisi yaxud da yolların salınması, neft kəmərlərinin çəkilməsi zamanı əraziyə düşən evlər sökülən zaman həmin ev sahiblərinə müvafiq konpensasiyalar verilməlidir. Düşünürəm ki, evlərin sənədləşdirilməsi işində bələdiyyələr daha fəal olmalıdır.