Fərhad Əhmədovun oğlu anasına 100 milyon dollar ödəməlidir

Keçmiş senator, Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədovun oğlu Teymur, məhkəmə qərarı ilə anasına 100 milyon dollar ödəməli olacaq.

Yenicag.az xəbər verir ki, məhkəmə onu həm də “atasına kömək etmək üçün hər şeyi edəcək vicdansız bir şəxs” adlandırıb.

Hakim Qvinnet Noulz, kiçik Əhmədovun atasına kömək etdiyini və anasının məhkəmə tərəfindən təsdiqlənmiş 450 milyon funt sterlinq (627 milyon dollar) boşanma ödəməsi almasına mane olmaq üçün “bacardığı hər şeyi” etdiyi qənaətinə gəlib. Noulz deyib ki, Teymur indi anasına 100 milyon dollardan çox pul ödəməlidir.

Xatırladaq ki, 2016-cı ildə London Ali Məhkəməsi Fərhad Əhmədovun üzərinə keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt-sterlinq (onun varidatının 41,5 faizi) ödəməsi barədə öhdəlik qoyub. Onun payına saraylar, yaxta, vertolyot, xüsusi təyyarə və incəsənət əsərləri daxildir. Bu, Londonun boşanma prosesləri tarixində ən böyük kompensasiya idi.

Dinləmələr 2020-ci ilin sonunda bərpa olunub. Həmin vaxt məlum olub ki, Britaniya vətəndaşlığı olan Teymur anasının iddiasından sonra Rusiyaya qaçıb. Qadın iddia edirdi ki, boşanma prosesi zamanı oğlu əmlak bölgüsündə onun payına düşəcək pulları gizlətməkdə atasına kömək edib.

Teymur Əhmədov isə keçən ilin sonunda danışırdı ki, tələbə olarkən atası tərəfindən hədiyyə olunmuş 50 milyon dolları fond bazarında riskli sövdələşmələr nəticəsində itirib. Onun sözlərinə görə, anası London İqtisadiyyat Məktəbində oxuyarkən onun 50 milyon dollar itirdiyini bilirdi./Virtualaz.org/