Fərhad Hacıyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edib

FARHAD_HACIYEVBMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantılarının yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda tədbirdə geniş müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında Azərbaycanın müharibə ilə üzləşdiyini, ərazilərimizin 20 faizinin işğal olunduğunu və bu ərazilərin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Hökumətinin gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb.
Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli məkan olduğunu söyləyən F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası dəyərlərə necə böyük önəm verməsinin təzahürü kimi dəyərləndirərək deyib: “Bizim gənclərimiz ölkəmizi, regionumuzu daha da çiçəkləndirməyə çalışırlar. Biz gənclərin ideyalarının reallaşması işinə böyük önəm veririk. Fondumuz gənclərin fərdi layihələrinin həyata keçirilməsinə çalışır. Azərbaycanın gəncləri kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına, layihələrimizdə davamlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq”.
F.Hacıyev bildirdi ki, Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi bu tədbirlər Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir.
COP29