Hədəf Liseyində Məzun Günü qeyd olunub.
Yenicag.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib.
Liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Liseyin Nəsimi filialının icraçı direktoru Aytən Hüseynova çıxış ediblər.
Əlavə məlumat üçün bildirək ki, “Hədəf” balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli bilgə geyimindən istifadə ediblər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunub. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulub.
Daha sonra buraxılış imtahanlarında maksimum bal olan 300-dən 289-nu toplayan “Liseyin bilgəsi” elan edilib, o xüsusi papaqla mükafatlandırılıb. Yüksək bal yığan digər məzunlar isə diplom və mükafatlarla təltif olunub.
Tədbir lisey müəllimlərinin, valideynlərin çıxışları və şou-proqram ilə davam edib.
Hədəf Liseyinin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Bakupost.az-a açıqlama verib.
O bildirib ki, bu günün məzunları zəfərin məzunlarıdır:
“30 ildən sonra torpaqlarımız düşmən işğalından azad olundu. Böyük ruh yüksəkliyi ilə irəli addımlayırıq. Əsas istəyimiz Azərbaycan gəncliyinin öz kimliyini unutmamasıdır. Hədəf Liseyi olaraq məqsədimiz bilgə insan yetişdirməkdir. Maksimum onların gələcək dünyasının qurulması üçün çalışırıq. Burada yetişən uşaqlar kim olmalarından asılı olmayaraq dövlətçiliyimizə, millətimizə, elinə-obasına, adət-ənənəsinə hörmət etməlidir.
Həmçinin, keçən il Qələbəyə Dəstək Hərəkatı olaraq “İsa Alməmmədli” adına təqaüd təsis etdik. Hər il Hədəf Liseyi məzunu olan məktəb birincisi şagirdə bir dəfəlik olaraq bu təqaüd veriləcək”.
Məzun Günü ənənəsinə uyğun şəkildə papaq və araqçınların göyə atılmaq əvəzinə qol üstünə qoyulmasından da danışan Şəmil Sadiq bunları bildirib:
“Hədəf Liseyinin konseptinə uyğun olaraq milli və bəşəri dəyərləri ifadə etmək baxımından ənənəvi mantiya və baş geyimi milli ornamentlərlə əvəz olunub, mərdlik simvolu olan papaqlar, milli baş geyimi olan araqçınlar hörmət əlaməti kimi qol üstündə tutulub. Xırda bir detaldır, amma düşünürəm ki, bu onların sabahını, gələcəyini formalaşdıracaq istiqamətlərdəndir. Bu baxımdan gəncliyimizdən ümidliyəm. Çox istedadlı uşaqlar var. Əsasən bu il 17 şagirdimizdən 100% nəticə almışıq. Sözssüz ki, ikinci turda daha yaxşı nəticələr gözləyirik. Ötən il ən yüksək balımız 640 idi. Bu il ikinci turda artıq 640-ı keçməyi hədəfləmişik. Rekordu yeniləməyi düşünürük”.