“Azərbaycan dövləti səbirli, düzgün gedişlər edərək hədəflərinə bir-bir çatır. Ancaq bizim bəzi ekspertlərimiz pafosla, populist çıxışları ilə görülən işləri zərbə altına alırlar”.
Bu fikirləri Fərrux dağına Azərbaycan ordusunun nəzarət etməsi və bunun fonunda yaranmış ajiotajı şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, bəziləri Fərrux dağı ətrafında ajiotaj yaratmaqla məşğul olur:
“Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi təsdiq etdi ki, Azərbaycan ordusu Fərrux kəndi və o istiqamətdəki strateji yüksəkliklərə yerləşib. Fərrux dağının Azərbaycan ordusunun nəzarətinə keçməsi ilə Ağdam tamamilə təhlükədən qurtulur, bununla yanaşı, Azərbaycan ordusu bir çox yaşayış məntəqələrinə həm nəzarəti ələ keçirmiş olur, həm də vizual müşahidə etmək imkanı əldə edir. Ağdərə-Xankəndi yolunun nəzarəti Azərbaycan ordusuna keçib.
Bəzi şəxslər Fərrux dağına nəzarəti ələ keçirməyimiz fonunda açıqlamalar verirlər ki, Xankəndi, Xocalı bizdədir. Bu adamlar, yəqin ki, xəritəyə baxmırlar. Yalan informasiya yaymaqla ajiotaj yaradırlar. Bu isə Azərbaycanın xeyrinə işləmir.
Azərbaycan ordusunun strateji yüksəkliklərə nəzarət etməsi sevindirici haldır. Ancaq bunun üzərindən “Xankəndi, Xocalıya nəzarət edirik” şəklində fikirlər səsləndirmək sərsəmlikdir. Bu azmış kimi, bəziləri Zəngəzura da daxil olduğumuzu deyir. Bu adamlar guya Azərbaycana xeyir etdiklərini düşünürələr, ancaq reallıqda zərər verməklə məşğuldurlar.
Azərbaycan Müdafiə Nazirliyi çox sərt formada Rusiya Müdafiə Nazirliyinin cavabını verdi və çox düz də etdi. Artıq Rusiyanın hökümlü bəyanatlarının cavabının verilməsinin zamanı yetişib. Nə zamana qədər onların təxribat xarakterli çıxışlarına dözməli və nazları ilə oynamalı idik?
Rusiya Müdafiə Nazirliyi dəfələrlə təxribat xarakterli məlumatlar yaymaqdan əl çəkmirlər və onların tabeliyində olan sülhməramlı qüvvələr isə öz vəzifələrini yerinə yetirməkdən başqa hər işlə məşğuldurlar”.
Səxavət Məmməd