FETÖ-çu generalın Türkiyənin Bakıdakı səfirliyində işləyən oğlu hara və necə qaçıb?

15 iyul çevriliş cəhdinin təşkilatçılarından biri olan Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində işləyən oğlunun da FETÖ üzvü olduğu və axtarıldığı bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ işi ilə bağlı ittihamnamədə 15 iyul çevrilişini hazırlayan “Yurdda sülh şurası”ının üzvü olan 38 nəfərdən biri – Mehmet Dişlinin o ərəfədə Türkiyənin Bakıdakı səfirliyində II katib işləyən oğlu Mehmet Beyazıtın aparılan istintaqın davamında vəzifədən azad edildiyi barədə detal üzə çıxıb.

Məlumata görə, Xarici İşlər Nazirliyi tərəfindən geri çağırılan Mehmet Beyazıt Dişli bu çağırışa əməl etməyərək, Bakıdan 3-cü ölkəyə qaçıb. Türkiyəyə qayıtmaqdan imtina edən Dişli ötən ilin sentyabrında vəzifəsindən azad olunub.

15 iyul çevrilişi zamanı Baş Qərargahın Strateji Transformasiya Şöbəsinin rəisi olan general Mehmet Dişli istintaqa ifadəsində Bakıda işləyən oğlu barəsində bunları deyib:
“Sözügedən bir dollar oğlum Dişlinin ilk iş yeri olan Azərbaycanda vəzifəyə təyin olunması və ölkə xaricində maaş aldığı üçün etdiyimiz məsrəflərdən qalan dollarlardan biridir”.

Yeniçağ.Az