FETÖ-da jurnalist-polis işbirliyi: Strategiya necə seçilib?

FETÖ terror şəbəkəsinin mediadakı təmsilçilərinin bu cinayətkar şəbəkəyə məxsus polis rəisləri ilə gizli görüşdükləri məlum olub.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ramazan Akyürekdən tutmuş Recep Güvenə qədər bir sıra FETÖ-çu polis rəisinin Bülent Keneş və Mehmet Kamış kimi media mənsubları ilə şəbəkənin strategiyasını müəyyənləşdirmək üçün müntəzəm olaraq bir araya gəldikləri bildirilir.

Məlumata görə, FETÖ-nun 2006-cı ildən etibarən Atatürk Hava limanı üzrə imamı olan polis komissarı A. İlyas Yağmur Sivas və İstanbul prokurorluğunda verdiyi ifadələrdə bir sıra vacib məqamlara aydınlıq gətirib.

Hava limanlarının FETÖ üçün nə qədər əhəmiyyətli olduğunu konkret nümunələrlə göstərən Yağmurun ifadələri Kemal Gümüşün “İşğalın alt daşları” adlı kitabda da yer alıb.

Yağmurun sözügedən ifadələrdə bildirdiyinə görə, FETÖ-çu polis rəisləri şəbəkənin mediadakı nümayəndələri Keneş və Kamışdan təlimat aldıqları qeyd olunub.

O, qeyd edib ki, Şevki adlı şəxsin təlimatı əsasında Nyu-York hava limanı ərazisində bir nəfərlə görüşüb və onunla birlikdə “vacib şəxs”in yanına gediblər. Həmin şəxs isə “Zaman” qəzetinin əsas simalarından sayılan və camaatın rəhbərlərindən biri kimi tanınan Bülent Keneş olub.

Yağmurun sözlərinə əsasən, Keneş görüş zamanı həmin şəxsə “Ali Fuat Erolu boş buraxmamalarını” tapşıraraq, “B”liklər daha sizin qapınızdan keçməyəcəklər, buna diqqət edin”, – deyib:

“Bildiyimə görə, “B”liklər camaat daxilində polis rəislərinin səviyyə dərəcəsidir. Yəni “A” çox yaxşı, “B” yaxşı, “C” orta səviyyəli mənasındadır”.

Yağmur bildirib ki, iki ay sonra yenə Şevkinin təlimatı əsasında hava limanında başqa bir şəxslə görüşüb. O şəxs də öz danışıqlarında yüksək vəzifəli polislərlə bağlı bəzi təlimatlar verib.

Maraqlıdır ki, Yağmur onu hava limanında Bülent Keneş ilə görüşdürən şəxsin Adana vilayətinin polis rəisi Ahmet Zeki olduğunu 4-5 il sonra televiziya vasitəsilə öyrəndiyini deyib.

Yağmurun ifadəsinə görə, o, 2008-ci ilin oktyabrında yenə Şevkinin tapşırığı ilə hava limanında Rəcəb adlı şəxsi qarşılayaraq, yaxınlıqdakı kafedə onları gözləyən “Zaman” qəzetinin yazarı Mehmet Kamışın yanına gəliblər. Bir saat davam edən söhbətdə Rəcəblə Kamış hüquq-mühafizə orqanlarındakı təyinatlardan danışıblar. Kamış bu məsələdə hər hansı problem olmayacağını deyib.

Yağmur əlavə edib ki, Bülent Keneş 2008-ci ilin dekabrında yenə hava limanında bir şəxslə görüşüb və uzun müddət müxtəlif məsələləri müzakirə ediblər. İfadə müəllifi həmin şəxsin Polis Kəşfiyyat İdarəsinin sabiq rəisi Ramazan Akyürek olduğunu bildirib.

Yeniçağ.Az

COP29