FETÖ-nun ABŞ-dakı lobbi şirkəti: Gülən Konqreslə əlaqələrini necə tənzimləyir?

ABŞ Konqresindəki əlaqələrini gücləndirməyə çalışan FETÖ terror şəbəkəsinin ötən ilin sentyabrında Vaşinqtonda “Washington Strategy Group Inc.” adlı yeni lobbi şirkəti qurduğu üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Konqresinin rəsmi sənədlərində Vaşinqton ünvanlı “Washington Strategy Group Inc.” adlı lobbi şirkətinin 2016-cı il sentyabrın 1-də fəaliyyətə başladığı və rəhbərinin FETÖ-nun ABŞ-dakı mühüm fiqurlarından biri olan Türk-Amerikan Mərkəzi-Qərb Federasiyasının (TAFM) sədri Süleyman Turhanoğulları olduğu müəyyən edilib.

Sənədlərdə Turhanoğulları ilə yanaşı, Qərbi Amerika-Türk Şurasının (WATC) sədri Özkur Yıldız, Amerikalılar və Avrasiyalılar “Turkuaz” Şurasının (TCAE) sədri Bilal Ekşili və Cənub-Şərq Türk-Amerika Federasiyasının (TAFS) sədri Cemil Teber də həmin şirkətin “lobbiçiləri” sırasında qeyd olunublar.

Adları çəkilən bu şəxslərin rəhbərlik etdikləri qurumların ABŞ-dakı vəqf və dərnəkləri birləşdirən Türk Amerikan Birliyinin (TAA) üzvü olduqları bildirilir.
Konqresin sənədlərinə əsasən, ötən ilin sentyabrında fəaliyyətə başlayan “Washington Strategy Group Inc.” şirkəti 2017-ci il yanvarın 30-da “Türkiyə müxalifəti” adından başqa bir lobbi təşkilatı olan “The Estopinan Group LLC”-nin podratçısı olub.

Sözügedən sənədlərdə FETÖ-ya məxsus lobbi şitkətinin fəaliyyət istiqaməti olaraq “Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki insan haqları pozuntularına qarşı Türk-Amerikan sivil müxalifəti” göstərilib.
Sənədlərdə “Türkiyə müxalifəti” olaraq tanınan şəxs və qurumlardan kimlərin, yaxud da hansı tədbirlərin nəzərdə tutulduğu, FETÖ-nun lobbi şirkətinin həmin şəxslərdən və tədbirlərdən nə qədər vəsait götürdüyünə dair məlumat açıqlanmayıb. Eyni zamanda, “Washington Strategy Group Inc.” ilə “The Estopinan Group LLC” arasındakı anlaşmanın maddi dəyəri barəsində də məlumat verilməyib.

Şirkətin Konqresə təqdim etdiyi 2016-cı il üçün lobbi fəaliyyəti haqqında hesabatlarda ötən il 50 min dollar vəsait xərclədiyi və heç bir gəlir götürmədiyi qeyd olunub.
FETÖ-nun lobbi şirkəti “Washington Strategy Group Inc.”-in sənədlərində qurumun “lobbiçiləri” olaraq göstərilən 4 şəxsin də TAA-da təmsil olunan təşkilatların rəhbərləri olduğu diqqəti cəlb edir.

FETÖ-nun ABŞ-dakı vacib fiqurlarından olan Faruk Tabanın sədrlik etdiyi TAA 2010-cu ildə Vaşinqtonda federativ əsaslarla yaradılıb və tərkibində FETÖ-ya bağlı 200-ə yaxın təşkilatı birləşdirir.

Nyu-York, Vaşinqton, Çikaqo, Atlanta, Hyuston və Los-Ancelesdə şöbələri yaradılan TAA FETÖ-nun Konqresdəki əlaqələrini tənzimləyir.
O baxımdan, FETÖ-nun lobbi şirkətinin rəhbəri Süleyman Turhanoğulları Çikaqo, lobbiçilərdən Özkur Yıldız Los-Anceles, Bilal Ekşili Hyuston, Cemil Teber isə Atlanta regional federasiyalarını idarə edirlər.

FETÖ-nun ABŞ-dakı imicini və siyasi əlaqələrini gücləndirmək üçün ötən il Vaşinqtondakı ən nüfuzlu lobbi təşkilatlarından biri sayılan “Podesta Group”la anlaşdığı məlum olub.

FETÖ-nun lobbi şirkətinə bağlı olan Ortaq Dəyərlər Naminə İttifaqı (AfSV) keçmiş prezident Barak Obamanın administrasiyasına və son prezident seçkilərində demokratların namizədi olan Hillari Klintona yaxınlığı ilə tanınan “Podesta Group”a Konqresdə onun üçün lobbi fəaliyyəti göstərmək məqsədi ilə 2016-cı ilin mayında rəsmən səlahiyyət verib.

ABŞ-dakı FETÖ-ya bağlı qurumların başqa adlar altında hansı lobbi şirkətləri ilə əməkdaşlıq etdikləri hələ müəyyənləşməyib. Maraqlıdır ki, respublikaçı Donald Trampın prezident seçilməsi və 15 iyul çevriliş cəhdindən sonra başda Türkiyə olmaqla dünyanın digər ölkələrindəki maliyyə mənbələrinin azalması səbəbindən FETÖ-nun yeni axtarışlara başlayaraq, özünün lobbi təşkilatını qurmaq məcburiyyətində qaldığı vurğulanır.

Yeniçağ.Az