FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri”  – Adlar – III Yazı

Gənclərin sevdiyi bir oyun var: Mafiya. Bu oyunda “sakinlər” və “komisar” “Mafiya” üzvlərini tapmalı, onların da işi özlərini qorumaq və “sakin”ləri aldadaraq, qələbə qazanmaqdır. Bunun üçün bu “Mafiya” üzvləri “Polad Alemdar” kimi paltonu çiyninə aşırıb, “Varmı mənə yan baxan” demir, tam əksinə, “vurulan” “sakinlər” üçün elə yas tutur ki, kimsə “Mafiya” üzvü olduğunu anlamasın. Bəzən isə kritik anda öz “Mafiya” yoldaşını qurban verir ki, özü sona qədər davam edə bilsin.

***
Nədənsə, Gülənin hələ 90-cı illərdə verdiyi təlimatlar bu oyunu xatırladır. Madam ki, bu örgüt saf, təmiz, ömrünü “hizmət”ə həsr etmiş bir camaatdır. O zaman bu gizliliyin səbəbi nədir? Əgər hər şey İslam naminə edilirsə, dinin təməl dini qaydalarından vaz keçərək, o dinə xidmət olurmu? Nə üçün digər camaatlar öz əqidələrini gizlətməzkən, əyinlərindəki geyimlə hansı fikirin daşıyıcısı olduqlarını açıq-açıq bildirərkən, Gülən öz tərəfdarlarına “gizlənin, gizlənməyən xaindir” deyirdi? Nə üçün Gülənin “abla”ları heç bir qadağa, təzyiq olmadığı ölkələrdə belə başlarını açır, “abi”ləri sırf özlərini gizlətmək üçün Məşədi İbad demişkən, “şərab istemal edirlər”? Nə üçün hansısa nazirin, deputatın, siyasətçinin “kassetlər”i “Hizmət könüllü”sünə gəlməlidir? Seks kassetləri ilə “Hizmət” anlayışı arasında hansı bağ var ki, bu kassetləri çəkənlər sonra Gülənə gətirirlər?! Demək ki, Gülən sadəcə “elm-irfanla” deyil, başqa işlərlə də məşğuldur. Başqa iş kateqoriyası isə içərisinə casusluq, silahlı terror şəbəkəsi qurmaq, dövlət içində dövlət qurmaq, çevriliş etmək kimi bir sıra faktorları da içərisinə alacaq qədər geniş məfhumdur.

Bu səbəbdən də, Türkiyə ordusunda illərlə süleymançı, nəqşibəndi, acziməndi, nurçu, mənzilçi və digərləri “irticaçı” deyə, ordudan atılırkən, fətullahçılar sırf özlərini “Mafiya” kimi gizlətdikləri üçün yavərdən general postuna qədər yüksəldilər.

***

Azərbaycanda da vəziyyət fərqli deyil. Bu gün FETÖ-nün Azərbaycanda bütün sahələrə necə çökməsi, kadrlarının hansı qurumlarda mövcudiyyətlərini davam etdirmələri deyil, Gülənin buraya gəlməsinin altında kimlərin imza atması müzakirə olunur. Bilinən bir gerçək var ki, rəhmətlik Lidiya Rəsulovadan başqa bütün təhsil nazirləri Gülənin məktəblərinin başına pərvanə olublar. Ondan öncəkilər də, sonrakılar da. Xüsusilə, Misir Mərdanovun zamanı Gülən üçün Azərbaycanda “qızıl dövr” olub. Bunu Azərbaycana ilk gələn fətullahçı Faruk Arslan öz kitabında belə vəsf edir: “Bizim üçün Lidiya Rəsulovanın Azərbaycan təhsil nazirliyi dönəmi çox çətin keçmişdi. 1998-ci ildə təhsil naziri olan Bakı Dövlət Universitetinin rektoru Misir Mərdanov ilə yeni bir dönəm başlamışdı. Nazir olur-olmaz ilk işi Türk (oxu:fətullahçı) məktəbləri tanımaq oldu. Məktəbləri tək-tək ziyarət etdi”. Əlavə şərhə ehtiyac varmı?

Məhz bunun mükafatı olaraq da, Təhsil Nazirliyində o qədər qanunsuzluqlar, yeyintilər ört-basdır edildi, təkcə yaxın qohumlarına bağışladığı mal-mülkün qiyməti milyonlarla dollar olsa da, kimsə Misir Cumayıroviçdən bunların hesabını soruşmadı. Nazirin adı dəyişsə də, gülənist şəbəkə fəaliyyətini yeni isimlərlə davam etdirdi.

Bu səbəbdən də, Misir Mərdanovun təhsil sistemində Gülən üçün tikə bilmədiklərini Mikayıl Cabbarov Aslanovun dəstəsi ilə “Sabah” kursları adı altında etməkdə davam edir. Şahin Seyidzadənin Aslanovun önəmli adamlardan biri olduğunu unutmayaq.

***

“Azərbaycan FETÖ-nü bitirdi”. “Fətullahçılar ölkədən deport olundular”. “Fətullahçıların bizə gücü çatmaz”. “Gülən məsələsi Türkiyənin daxili məsələsidir”. Bu kimi fikirlər əslində Gülənin burada fəaliyyətinin davamına hesablanıb. “Bitdi” nə deməkdir? “Bitdi” demək, əməliyyatların dayandırılması, Gülən üzərində araşdırma aparılmamasına ehtiyacın qalmaması deməkdir. Gəlin görək, vəziyyət belədirmi? Xeyr! Nə yazıq ki, xeyr!

FETÖ-yə qarşı məhz bu laqeyd münasibət gətirib onları bu həddə çıxardı. Zamanında ayrı-ayrı vətənpərvər diplomatların, məmurların bu yöndə haqlı narahatlığına əhəmiyyət verilmədi. Tam əksinə, o şəxslər ağır şəkildə cəzalandırıldılar, sürgün edildilər, işdən atıldılar. Çünki dar zehniyyətdə olan məmurlarımız hesab edirlər ki, Gülən Azərbaycanda hakimiyyətə gəlmək istəsə, partiya qurub, siyasi mübarizəyə başlayacaq və məğlub ediləcək. Səssiz işğalın fərqində olmadıqlarından əksər nazirliklərimiz, mühüm strateji qurumlarımız FETÖ təhdidi altındadır.

Haşiyə!

Əslində dövlətin Azərbaycanda FETÖ ilə bağlı araşdırmalar aparmasına ehtiyac bir o qədər də yoxdur. Çünki lazım olan əksər bilgilər (əgər yox edilməyibsə) öz məlumat mərkəzində vardır. Məsələn, 2004-cü ildə Qarsa baş konsul vəzifəsinə təyin olunan Həsən Zeynalov qısa zamanda Qarsdakı Qafqaz Universitetində (Azərbaycandakı QU ilə heç bir əlaqəsi və ya yaxınlığı yoxdur) oxuyan azərbaycanlı gənclərin necə Gülən təsirinə düşdüklərini, “İşıq” evlərində onlara yer verildiyini görür və 2005-ci ildən etibarən XİN və Prezident Adminstrasiyasına məktublar yazmağa, mövcud durumun dövlətimizin əleyhinə olduğunu anladır.

H.Zeynalov Qarsdan İstanbula təyin olunanda da başda “Palmali” olmaqla bir sıra Azərbaycanın orada Paralel Şəbəkə ilə isti münasibət quranlar narazılıq edirlər. Uzun müddət baş konsulluq “yox” sayılaraq, Ankaradakı səfirliklə işlərini görürlər. Elə, H.Zeynalov etiraz etdiyi üçün hazırda ABŞ-da yaşayan “Zaman” yazarı Mahir Zeynalovun işçi vizasını da Elnur Aslanov o zaman Ankaradan alır.

SOCAR Türkiyədə, Petkimdə baş verənlər, Azərbaycan dövlətinin hesabına maliyyələşən, ancaq başqa dövlətlərin maraqlarına xidmət edən “Xəzər” Araşdırmalar İnstitutu (HASEN) və Elnur Aslanov, Kənan Məmmədov və digərləri ilə bağlı saysız-hesabsız “daxili arayışlar” göndərilir.

Bu səbəbdən də, dövlət FETÖ ilə mübarizədə nəticə almaq istəyirsə, o “daxili arayış”ları tozlu rəflərdən qaldırmalıdır. Həsən müəllim də susqunluğunu pozmalıdır…

***

Təkcə, Həsən müəllim də deyil, 1999-cu ildə araşdırmaçı yazar Nəcib Hablemitoğlunu (qısa müddətdən sonra FETÖ tərəfindən öldürüldü) Azərbaycana gətirərək, Gülənin alman və amerikan kəşfiyyatı ilə əlaqələrinə dair konfranslar keçirən Tənzilə Rüstəmxanlı da danışdırılmalıdır. İllərlə hər mövzuda “mütəxəssislik” edənlər barı, “Zaman Azərbaycan” ilə TİKA-nın ortaq səfərlərinin, Dialoq Avrasiya Platformunun “hədiyyə”lərinin xətrinə, komik görünən anti-gülənçiliklərinə “stop” edib, Gülənə qarşı illərin mübarizəsini vermiş bu insanlara meydanı buraxmalıdırlar.

Hazırda Gülən mövzusu elə formada işlənir ki, FETÖ-yə nifrət edənlərin belə ağlı qarışır. Ayrıca, FETÖ-yə qarşı yazıldığı görüntüsü verilən yazılarda sətiraltı olaraq, Gülənin müdafiə olunduğuna da rast gəlinir. Bu gün bir sıra saytlarda hələ də FETÖ terrorçularına “Gülən əsgərləri” deyilməkdədir. Vaxtilə, Gülənin azərbaycanlı olduğunu iddia edənlər, xarici media ilə əlaqə qurmaq adı altında QHT Şurasından aldıqları qrantla fətullahçıları ölkəmizə dəvət edənlər indi də FETÖ ilə bağlı ehtiyatlı davranırlar. Adında saxtakarlıq etdiyi illər öncə bəlli olan Fətullah Gülən hələ də “Zaman”çıların deyimi ilə “Fəthullah”, “Fethullah”, FETÖ isə “Hizmət” Hərəkatı adlandırırlar.  Yəqin ki, Mətbuat Şurası bu barədə monitorinq aparsa, bizim yazdıqlarımızı təsdiqləyəcəklər. Ancaq təbii ki, qurdu quzuya, fətullahçıları araşdırmağı da Gülənin hesabına xarici səfər üzü görən “işçi”lərə tapşırmasa…

***

Bəli, Gülən Şəbəkəsinin müxalifətlə də əlaqəsi var, çünki bu bir amerikan sistemidir. Ancaq  sadəcə Əli Kərimli üzərində məsələni fokuslayıb, “Azadlıq” qəzetinin maliyyə dayaqlarını dağıdıb, “FETÖ-nü bitirdik” demək, ən yaxşı halda özünü aldatmaqdır. Ayrıca, müxalifətlə FETÖ əlaqəsi axtarılırsa, bunu Faiq Əmirli deyil, Rəsul Quliyev və Qafqaz Universitetinin sabiq müəllimi Gültəkin Hacıbəyli üzərindən axtarmaq daha məntiqlidir. Bu xətt üzrə hərəkət edilərsə, daha real sonuclar əldə edilə bilər.

Ancaq o da bilinməlidir ki, Gülən Azərbaycanda ilk gündən güclünün tərəfində olub. Güc hansı tərəfdədirsə, onun yanında olub. Məhz bu şəkildə davamlı olaraq, həm Türkiyədə, həm də dünyada böyüyüb.

Bu baxımdan, Əli Kərimlinin hansı nazirlik üzərində gücü var? Əli Kərimlinin Gənclər və İdman, Vergilər, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Dövlət Gömrük Komitəsində(Təhsil nazirinin sabiq müavini Qulu Novruzov vasitəsi ilə qurulan qohumluq xətti Gülənə ciddi dayaq olub), Dövlət Miqrasiya Komitəsində  kadrları varmı? Bir-iki simpatizanının olduğunu istisna etmirəm. Ancaq Azərbaycan hakimiyyətinə “onları Xəzərə tökərəm” mesajı verilirsə, bunun arxasında çox güclü bir şəbəkə dayanır. Bu gün adını çəkdiyimiz nazirliklərin hamısında Gülən hegemonluq edir. Təkcə onlarda da deyil. Bu gün parlamentdə, vergilər naziri Fazil Məmmədovun kurasiyasında olan holdinqlərdə, SOCAR-a bağlı şirkətlərdə, Yazıçılar İttifaqında, SAM-da, QHT sektorunda onlarla, yüzlərlə Gülən müridi mühüm postlar “işğal” ediblər.

Tutalım, Türkiyədə SOCAR-a bağlı bəzi şirkətlərdə həbslər oldu. Nə dəyişdi? Yenə aşağıdan bir neçə nəfər çıxarıldı, ancaq kök hələ də yerindədir. Kök hardadır? O “kök”ün adını yazmaq mənə 2 milyon manatlıq məhkəməyə başa gəldi. Sırf “SOCAR Azərbaycanın sərvətidir, fətullahçıları buradan təmizləyin” dediyim üçün aylarla məhkəmələrdə süründürüldüm. Bu gündə o işgəncə bitməyib. Nəticədə, zərər görən Azərbaycan dövlətidir.

Məsələn, Türkiyənin “Sabah” qəzeti bir müddət öncə yazırdı ki, “Fətullah Gülən təriqətinin enerji sektoruna yönələn strategiyalarını müəyyənləşdirən şəxslərdən biri Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaşdır. Bu institutun əməkdaşlarının əksəriyyəti fətullahçılardır və ofisi İstanbulda yerləşməklə SOCAR tərəfindən maliyyələşdirilir.

İnstitut enerji sektorunda baş verənləri təhlil edib Pensilvaniyaya – Gülənin mənzil-qərargahına ötürməklə məşğuldur. Haldun Yavaş Gülənə yaxın şəxsdir və 2003-2004-cü illərdə ABŞ-dakı Nassau Community College-də “Fətullah Gülən günləri” təşkil edib.

SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli (hazırda SOCAR prezidentinin müşaviridir) üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər”. Yazıda qeyd olunurdu ki, “Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir. İddiaya görə, “SOCAR Turkey”in icraçı direktoru Kenan Yavuz şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılıb və qərarlara təsir edə bilmir”.

Ləğv olunan MTN-dəki cəllad qruplaşmasının general üzvlərindən olan Samir Kərimli Türkiyənin təzyiqi ilə “SOCAR Turkey Energy”dən uzaqlaşdırıldı. Əvəzində isə ona Bakıda SOCAR prezidentinin müşaviri vəzifəsi verildi. Yəni, Qafqaz Universiteti necə Gülənin sağ cibindən sol cibinə qoyuldusa, eləcə də S.Kərimli də bu şəkildə qorundu.

Təkcə Samir Kərimlimi qorundu? İlham Mehrəliyevi tanıyırsınızmı? Modern Qrupun rəhbəri idi. Sonra öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi oldu. Hazırda isə SOCAR-da Daşımalara Nəzarət Departamentinin rəisidir. Bir-iki ilin içərisində bu qədər sürətli vəzifə dəyişiminin səbəbi nədir? Bu şəxsi niyə birdəfəlik uzaqlaşdıra bilmirlər? Azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamı olduğuna görə, ola bilərmi?

Mövzu isimlərdən düşmüşkən, Gülən kanalı ilə SOCAR-a yerləşdirilənlərdən birinin də adını xatırlayaq.

Elçin İbadov. “PricewaterhouseCoopers” adlı audit şirkətinin rəhbərliyindən “Star” zavoduna maliyyə direktoru olan bu şəxsin Qafqaz Universiteti ilə çox isti münasibətləri var.

Gülənin akademik çevrəsinin ciddi nüfuz etdiyi Hacəttəpə Universiteti məzunu olan Elçin İbadov Qafqaz Universitetinin məzunlarının  iş tapması mövzusunda yardımçı olan şəxslərdəndir. Nə qədər qəribədir ki, Qafqaz Universitetinin xarici əlaqələr üzrə prorektor Sənnur Əliyev də eyni dönəmdə Hacəttəpə Universitetində oxuyub. Və… Sənnur Əliyev o dönəm Ankara üzrə Camaatın azərbaycanlı tələbələr üzrə imamı olub. Bu gün də Sənnur Əliyev Natiq Paşa ilə birlikdə önəmli mövqeyə sahibdir. Təbii ki, bütün bunları yazıb, “AZİNKA”dan bəhs etməmək olmaz. Gülənin kadr bankı rolunu oynayan bu işə düzəltmə şirkəti hazırda AZINKA HR&CC olaraq fəaliyyət göstərir. Qafqaz Universitetini bitirənlər, lisey məzunları nədənsə bu şirkət vasitəsilə rahat iş tapırlar. Burada universitetin qısa müddət öncə çıxarılan prorektorlarından Şaiq Nəbiyevin də xidmətləri az deyil, yəqin ki… Gülənin müridlərindən biri bir neçə il öncə sinəsinə döyürdü ki, dövlətin gənc kadrlarının 70 faizi bizim uşaqlardır. Onlardan neçə faizi AZİNKA vasitəsilə iş sahibi olub, araşdırılmalıdır…

Söz düşmüşkən, Qafqaz Universiteti ilə bağlı SOCAR daxilindəki fətullahçı qruplaşmanın yazdırdığı şübhə doğurmayan bir materialda qeyd olunur ki, “Elmar Qasımov qısa zamanda fətullahçıları müəyyənləşdirdi və universitetdən uzaqlaşdırdı”. Bəyəm fövqəladə müəyyənləşdirmə əməliyyatına ehtiyac var idi? İkincisi türk fətullahçılarla Şaiq Nəbiyev çıxarılsalar da, digərləri yerlərində durur. Üçüncüsü, Elmar Qasımov illərlə Ənvər Özərənlə olan yaxın münasibəti gözardı edilməməlidir. Qafqaz Universitetinin hələ də Xalik Məmmədovun nəzarətində olması və E.Qasımovun oraya rektor gətirilməsi bu təhsil ocağı ilə bağlı şübhələri dağıtmır, tam əksinə, artırır.

***

Söhbət Gülənin hakimiyyət içindəki nüfuz agentlərindən düşmüşkən, İntiqam Babayev-Fərhad Məmmədov-İxtiyar Hüseynli-Elşad İskəndərov-Orxan Əkbərov-Elnur Aslanov “bro”larını unutmaq olmaz. “Sadval”ın ideoloqlarından biri olduğu deyilən, sırf oğlunun yolunu açmaq üçün Alla Puqaçova yaşında “Putinin dostu” adı ilə alver edən İlham Rəhimovla evlənən Rəbiyyət Aslanovanın oğlunun dövlət içində nə qədər güclü olduğunu  anasının bundan öncəki parlament seçkilərində rəqibi olmuş YAP-çı Məhəmməd Nooyev açıqlayır. Onun sözlərinə görə, E.Aslanov o zaman seçkiyə müdaxilə etməklə qalmamış, hətta Nooyevin Vergilər Nazirliyində işləyən qardaşı oğlunu belə vəzifəsindən çıxartdırıb. Həm də məzuniyyətdə ola-ola…

Təkcə bu fakt E.Aslanovun dövlət içində qollarının haralara uzandığını göstərməkdədir. Vergilər Nazirliyi daxilində Ağasəməd Əfəndiyev, Şaiq Xəlilov, Mehdi N. kimi şəxslər olduqca, E.Aslanovun “qollar”ını oradan  sökmək çətin məsələdir. Ancaq Elnur Aslanov təkdirmi? Xeyr. Gülən 25 illik planını bir şəxsin üzərində quracaq qədər cahil deyil.

İstər Elnur Aslanov, istər İxtiyar Hüseynli olsun, bunlar bir komandaydı. Ancaq Gülənin Azərbaycanda “Beşinci kalon”u bitməz… İfşa olunanlar bir tərəfdə görünər, ancaq millət onlara baxarkən, üçüncü-dördüncü qruplar işi bitirərlər. 

***

Sonda qeyd edək ki, dövlət içindəki bu şəbəkə “qohum-tanış” faktorları nəzərə alınmadan ifşa edilib, cəzalandırılmayacağı təqdirdə, 15 iyulumuz heç də uzaq deyil… Bu problemin tək həlli isə Gülənə bulaşmamış məmurların Prezidentin FETÖ ilə mübarizəsinə real dəstək verməsindən keçir… İsmət İnönü demişkən, bir məmləkətdə namuslular namussuzlar qədər cəsarətli olmadıqca, o ölkənin xilas olması imkansızdır”…

Aqil ƏLƏSGƏR

Yenicag.az

P.S. “FETÖ-yə qarşı mübarizə aparaq, ancaq adlar açıqlanmasın”. Bu mübarizə deyil, gülənçilərin qorunmasıdır. Bu günə qədər Yenicag.az hər zaman adları açıqlamışdır. Bundan sonra da istər iqtidarda, istər müxalifətdə hansı yüksək mövqe tutmalarından asılı olmayaraq, isimlər açıqlanacaq. Hansı nazirliklərdə kimlər Gülənə itaət edir? Parlamentdə neçə üzvləri var və kimlər Gülənin simpatizanıdır? Hansı dövlət qurumlarının əməkdaşları fətullahçıdır? Dövlətin qrantları fətullahçılara necə yedirilir? Hansı diplomatlarımız Gülənə xidmət edir? Hansı nazirlərin şirkətlərini fətullahçılar işlədir? Azərbaycanın FETÖ gerçəyi bütün çıplaqlığı ilə Yenicag.az-da! Bizi izləməyə davam edin!!! 

COP29