FETÖ-nün kirli cinayət dosyesindən BUNLAR da çıxdı

Fətullah Gülənin terrorçu şəbəkəsi 2000-ci illərdən başlayaraq, Türkiyədə gərginlik yaradılmasına hesablanmış bir sıra ağır cinayətlər törədib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdindən sonra FETÖ-yə qarşı davam etdirilən istintaq prosesinin gedişində Gülən terror şəbəkəsinin dövlət əleyhinə cinayətlərinin təfərrüatları üzə çıxarılıb.

Qeyd olunur ki, sözügedən istintaq prosesində 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxslər dindirilib. Türkiyə rəhbərliyində, hökumət aparatında, müxtəlif nazirliklərdə, orduda, polisdə, ədliyyə sistemində və digər strukturlarda yüksək vəzifələr tutmuş FETÖ-çuların dindirilməsi zamanı Türkiyədə son 15 ildə törədilən və dövləti silkələyən çox sayda açılmamış cinayətin detalları aşkar edilib. İstintaq Komissiyasının məlumatına görə, FETÖ-çuların həyata keçirtdikləri səs-küylü cinayətlər məhz polisdə və istintaq orqanlarında yerləşdirilmiş gülənçilərin sayəsində açılmayıb. Komissiya bununla bağlı aşağıdakı nümunələri təqdim edib:

-Türkiyənin tanınmış yazıçısı və tarixçisi, ölkədə böyük nüfuza malik Necip Hablemitoğlunun qətlə yetirilməsi;

-2006-cı ildə Apellyasiya Məhkəməsinə hücum və bu zaman bir hakimin öldürülməsi,4 əməkdaşın yaralanması;

-2007-ci ildə İstanbulda nəşr olunan erməni qəzeti “Aqos”un baş redaktoru Hrant Dinkin qətli;

-Türkiyənin nəhəng iş adamlarından biri olan Mustafa Akının qətli.

Məlumata görə, FETÖ-çular istintaqa ifadələrində etiraf ediblər ki, Türkiyədə bir sıra digər səs-küylü cinayətlər də hazırda ölkənin hüquq-mühafizə orqanlarından gizlənən, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) himayəsi altında ABŞ-da yaşayan və özünün terror şəbəkəsini oradan idarə edən Fətullah Gülənin şəxsi əmri əsasında törədilib.
Fətullah Gülənin hakimiyyəti ələ keçirtmək kimi məkrli planı yüzlərlə insanın həyatı bahasına başa gəlib. FETÖ lideri onun planlarının icrasına mane olan, adamlarını ifşa edən şəxsləri, o cümlədən haqqında danışılan planlar barəsində məlumatı olanları aradan götürüb. Gülənlə heç bir əlaqəsi olmayan tanınmış ictimai xadimlərə qarşı həyata keçirilmiş cinayətlər isə ölkədə müxtəlif siyasi qüvvələr, etnik və dini qruplar arasında silahlı toqquşmalara zəmin yaratmaq, bununla da Türkiyəni xaosa sürükləmək, ölkənin inkişafına mane olmaq, hökuməti xalqın gözündən salmaq məqsədi daşıyıb.

İstintaq Komissiyası bəyan edib ki, gələcəkdə xarici kəşfiyyat xidmətlərinin casus şəbəkəsinin iştirakı ilə törədilmiş qaranlıq cinayətlərin və siyasi sifarişlərin bütün detalları ictimaiyyətə açıqlanacaq.

A.Zeynalov

Yenicag.az