“Soyuq müharibə dövründə Amerika Türkiyədə Rusiyaya qarşı cəbhə yaratmaq istəyirdi. Bu səbəbdənVaşinqtonun 1969-cu ildə başlatdığı “yaşıl kəmər” hərəkatı Amerikanın nəzarəti altında davam edərkən, Türkiyədə müstəqil və Alparslan Türkeşə bağlı olan türk millətçiliyi hərəkatı ön plana çıxmağa başladı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri professor Hasan Oktay deyib.
Analitik FETÖ terror şəbəkəsinin başçısı Fətullah Gülənin 83 yaşında Pensilvaniyada ölməsindən sonra sözügedən şəbəkənin bundan sonrakı addımları ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Amerika öz məqsədlərinə uyğun hərəkət edəcək qruplarla işləməyə üstünlük verdiyi halda, onun nəzarətinə keçən bu qrupların ən bariz hədəfi türk millətçiləri idi:
“Buna baxmayaraq, 1980-ci il hərbi çevrilişinə qədər türk millətçiliyi hakimiyyətə gəlmək üçün əzmlə çalışırdı. Amerika 1980-ci il 12 sentyabr hərbi çevrilişi ilə türk millətçiliyinin yolunu kəsdi və “yaşıl kəmər” layihəsinin ən mühüm təmsilçisi Fətullah Gülən hərəkatının yolunu açdı. Türk millətçilərinin üç əsas iş prinsipi var idi: birincisi, orduya yiyələnmək idi ki, Alparslan Türkeş hərbçi bir lider olduğu üçün bunu çox yaxşı bilirdi. İkincisi, o, türk gəncləri ilə bağlı fəaliyyət göstərmək istəyirdi və bunun üçün Alparslan Türkeş “Ülkü Ocakları”nı qurdu. Üçüncüsü isə Alparslan Türkeş Türkiyədən kənarda yaşayan, lakin əsirlikdə olan türklərlə bağlı mühüm layihələr və proqramlar hazırlamışdı”.
H. Oktayın fikrincə, 12 sentyabr çevrilişindən sonra Amerika türk millətçilərini həbs edib siyasətlə məşğul olmalarına qadağalar qoydu:
“Cavab olaraq Vaşinqton “yaşıl kəmər” layihəsinin davamı olaraq, “mötədil İslam layihəsi” kimi FETÖ-nü meydana çıxardı. Əvvəlcə, FETÖ vasitəsi ilə bütün dini qrupları nəzarətə götürdülər, sonra isə ən böyük hədəfləri “hərbi İslamlaşma layihəsi” oldu. FETÖ bu sehrli cümlə və bütün dini qrupların razılığı ilə orduda böyük bir əməliyyat həyata keçirdi. “Amerika adına dini nəsil” və “Qızıl nəsil” deyimi ilə özəl tədris müəssisələri vasitəsilə türk gəncləri üzərində böyük bir hökmranlıq quruldu”.
Mütəxəssis əlavə edib ki, SSRİ-nin dağılmasından sonra formalaşan türk dünyasında Alparslan Türkeş və türk millətçiləri yer almadı və Amerika FETÖ vasitəsi ilə casusluq şəbəkəsi olaraq, bölgədə böyük fəaliyyətlər həyata keçirdi:
“FETÖ daha sonra Amerikanın yol verməsi ilə Türkiyədə qurulan bütün hökumətlərə qarışdı. Onlar 2002-ci il noyabrın 3-də seçkilərlə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası (AKP) ilə birgə fəaliyyətə başladılar. 2015-ci ilə qədər onlar birlikdə çalışsalar da, aralarında böyük fikir ayrılıqları yarananda Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixinə doğru addım kimi düşəcək FETÖ-nü ləğv etməyə başladı. Çünki FETÖ ABŞ-nib dünyada əməliyyat qolu kimi Türkiyədə yerləşən fəaliyyətlərini həyata keçirirdi və bu fəaliyyətlər qəbuledilməz idi. FETÖ Amerikada daha cəsarətlə əməliyyatlar aparırdı, amma hökumətin 2015-ci ildə FETÖ-nü ləğv etmək cəhdi ona dəhşətli zərbə oldu. Onlar Türkiyədəki bütün qurumlardan təmizləndi, Türkiyənin təzyiqi ilə dünyada məktəblər bağlanmağa çalışıldı”.
KAFKASSAM sədri qeyd edib ki, bu gün Fətullah Gülənin ölümü böyük rezonansa səbəb olub:
“Ola bilsin ki, sonrakı dövrdə FETÖ 5-6 qrupa bölünə və Amerikadakı qruplaşma onun nəzarəti altında mövcudluğunu qorumağa çalışa. Almaniyadakı qrup isə bir az daha önə çıxa bilər. Afrika və Uzaq Şərqdəki qruplar da müstəqilliklərini elan edə bilərlər. Amerika kəşfiyyatı ilə güclü əlaqələr saxlayanlar isə onunmaraqlarına uyğun olaraq mövcud olmaqda davam edəcəklər. Amma iqtisadi resursları tükəndikcə təşkilat dağılacaq”.
“Gələcəkdə hökumət Türkiyədə bu və buna bənzər təşkilatların qarşısını almaq üçün yaxın günlərdə xeyli böyük əməliyyat keçirəcək. Türkiyədə əvvəllər FETÖ bütün qurumlara hakim idisə, indi hər bir quruma ayrı bir FETÖ-çü qrup hakimdir. Belə ki, Türkiyədə bürokratik və tıxanmış sistem işləmir. Rəcəb Tayyib Ərdoğan FETÖ-yə qarşı apardığı əməliyyat kimi, indi də dövlətə düşmən olan, lakin dövlət vəsaiti hesabına yaşayan bütün parazit qrupları məhv edəcək. Necə ki, dövlət 1971-ci ildən Yaxın Şərqdə mövcud olmaq üçün mübarizə aparan marksist təşkilatları ləğv edirsə, Amerikanın “yaşıl kəmər” layihəsi ilə yaratdığı köksüz dini qruplar da Türkiyədə ləğv ediləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov