Bu gün Bakı Yunus Emre İnstitutunda “15 iyul” xain çevriliş cəhdinin 2-ci ildönümüylə əlaqədar “Korkma, sönmez bu şafaklarda yüzen al sancak” adlı tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir məruzəçi olaraq çıxış ediblər. İştirakçılara “15 iyul” gecəsi baş verən hadisələrdən kadrlar nümayiş etdirilib, vətənin istiqlalı üçün şəhid olan qəhraman övladlar anılıb.
Səfir Erkan Özoral həmin gecə Türkiyənin 251 şəhid verdiyini deyib və bildirib ki, bu şəhidlər ölməz ruhun, vətənə olan ilahi sevginin təcəssümüdür:
“Millətimiz bir daha sübut etdi ki, iradəsinin qarşısına heç kim sədd çəkə bilməz. “15 iyul” çevriliş cəhdi ilə əlaqədar səfirlikdə təşkil etdiyimiz tədbir zamanı cənab Əli Həsənov qeyd etdi ki, millətin iradəsinin qarşısında heç bir qüvvə dura bilməz. Vətəndaşlar prezidentin çağırışı ilə küçələrə axın edərək öz dövlətinə sahib çıxdı. Biz hamımız türk olduğumuza görə qürur duyuruq”.
Özoral çıxışını Mustafa Kamal Atatürkün sözləri ilə yekunlaşdırıb:
“Bir gün istiqlal və cümhuriyyəti müdafiə etməyə məcbur olsan, vəzifəyə atılmaq üçün içərisində olacağın vəziyyətin imkan və şərtlərini düşünməməlisən”.
Daha sonra çıxış üçün kürsüyə çıxan millət vəkili Hikmət Babaoğlu, “15 iyul”u Türkiyə Cümhuriyyətinin ikinci milad tarixi olduğunu deyib:
“FETÖ terrorizmi ən az erməni terrorizmi qədər qəddardır. Onlar əliyalın dinc əhalinin üzərinə tank sürdülər. Bəs kimdir bu xainlər? Bunlar illər ərzində beyni yuyulmuş, dini duyğuları istismar edilmiş şəxslərdir. Onların bəziləri heç terrorçu olduqlarını bilmir, özlərini əsl dindar hesab edirlər. Lakin onların İslam dini ilə heç bir əlaqələri yoxdur. FETÖ terrorizminin fiziki, ideoloji və informativ formalarının şahidi olmuşuq”.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız isə çıxışında bildirib ki, türk milləti heç bir vaxt köləliyi qəbul etməyib, hər zaman öz dövlətinin, müstəqiliyyinin keşikçisi olub. Parmaksız qeyd edib ki, Malazgird savaşından bəri türklərin bu torpaqlardakı varlığı qısqanclıqla qarşılanır.
Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir də Parmaksızın sözlərinə qüvvət verərək türk millətinin öz dəyərlərinə sahib çıxaraq əsrlərdən bəri eyni ruhla, yorulmaz iradəylə mübarizə apardığını deyib. Özdemir terror təşkilatının Türkiyə sərhədlərindən kənarda da fəaliyyət göstərdiyini və xüsusilə Azərbaycan dövlətinin bu məsələdə olduqca həssas davrandığını vurğulayıb.
Aytək Yusifsoy
Foto: Cəmalə Əlizadə