Fətullah Güləndən “ByLock” mesajı: “Bizi sarsıdacaqlar, amma…”

gulenFETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin 17-25 dekabr dövlət çevrilişi zamanı “ByLock” proqramı ilə tərəfdarlarına göndərdiyi yeni mesajlar üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursada 15 iyul çevriliş cəhdindən sonra aparılan təhqiqat zamanı istintaqa cəlb edilmiş, əksəriyyəti sabiq polis əməkdaşı olan 71 müttəhimin (onlardan 36-sı barəsində həbsqətiimkan tədbiri seçilib) cinayət işinin araşdırıldığı ilk məhkəmə prosesi başlayıb. Məlumata görə, prosesə həbsdə olanlarla yanaşı, istintaqı azadlıqda davam etdirilən 28 müttəhim və onların vəkilləri də qatılıb.
Prosesdə özünü müdafiə edən və istintaqa ifadəsində ciddi etirafları olan keçmiş polis əməkdaşı Veli Y. bir sıra mühüm məqamlara aydınlıq gətirib. İlk ifadəsində ona qarşı irəli sürülən iddialarla razılaşmayan Veli Y. daha sonra istintaqla əməkdaşlıq edərək, bəzi həqiqətləri açıqlayıb. O, 2001-ci ildən 2016-cı ilin mart ayına qədər “Gülən camaat”ın tərkibində olduğunu deyib. Veli Y.-nin sözlərinə görə, Fətullah Gülən özünün bəzi təlimatlarını “ByLock” ünsiyyət sistemi vasitəsilə onlara çatdırıb:

“O mesajlar oxunduqdan sonra silinirdi. Dekabrın 17-25-dən sonra MİT tərəfindən izləndiyimiz deyilirdi, həmin vaxtdan sonra bu rabitə ilə əlaqə xeyli səngimişdi. Həmin ərəfədə Fəthullah Gülənin “ByLock” vasitəsilə “çox güclü şəkildə üstümüzə gəlirlər, sarsılacağıq, amma yıxılmayacağıq” məzmunlu mesajı yayıldı”.

Qeyd olunur ki, “Türkiyə Cumhuriyyəti hökumətini yıxmaq və ya vəzifəsinin icrasına mane olmağa təşəbbüs göstərmək, konstitusiya quruluşunu dəyişməyə cəhd etmək, silahlı terror təşkilatına üzv olmaq, Türkiyə Böyük Millət Məclisini yıxmaq və vəzifəsinin icrasına mane olmaq, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunu pozmaq kimi cinayətlərdə ittiham olunan müttəhimləri 3 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası gözləyir”.

 

Yeniçağ.Az