FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin “Bamteli” adlı son söhbətində səsləndirdiyi fikirlər ciddi müzakirələr doğurub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fətullah Gülən FETÖ-nun sosial şəbəkə hesablarında paylaşılan “Üçüncü şeytanlıq fəsli / Xidmətə qarşı yeni təxribat” adlı videomaterialda tanınmış şəxslərə qarşı sui-qəsdlərə çağırış edib.
17-25 dekabr əməliyyatları və 15 iyul çevriliş cəhdi ilə əlaqəsinin olmadığını iddia edən Gülən həmin çıxışında bu fikirləri səsləndirib:
“Görəsən, indi nə edək? Elə isə daha ciddi bir iş görməyimizə ehtiyac var. Çox əhəmiyyətli bəzi şəxsləri öldürməyimiz lazımdır. Özü də sözün həqiqi mənasında… Nə dediyimi anlayırsınız?
Əl-ayağa düşüb, bağlı qapılar arxasında danışılanları deyirəm: məsələyə “çevriliş” dedirdəcəyimiz şəkildə yeni bir qarışıqlıq formasıdır… Elə edək ki, ölkədə əhalinin digər hissəsini də inandıra bilək. Dünyanın ictimai rəyini öz lehimizə çevirək. Bunun ilk işartıları artıq görünür”.
Gülənin söylədiyi bu sözlər sui-qəsd təlimatı kimi qiymətləndirilib. İstefada olan polkovnik Mustafa Önsel sosial şəbəkədə yaydığı açıqlamada bunları qeyd edib:
“Bunun mənası belədir: Fətullahın bandası daha əvvəl qeyd etdiyimiz sui-qəsdlərə başlaya bilər. Onun danışdıqları bu niyyəti pərdələmək, “əvvəldən demişdik, bizimlə əlaqəsi yoxdur”, deyə söyləmək üçün verilmiş açıqlamadır! Diqqət!!!”.
Gülənin bu açıqlaması FETÖ liderinin yenə də ənənəvi taktikaya əl atdığını göstərir. Qeyd edək ki, Gülən bundan əvvəl də rəhbəri olduğu cinayətkar şəbəkənin hansısa aksiyalara başlamasından əvvəl yayındırıcı bəyanatlar səsləndirməklə, diqqəti səhv istiqamətə yönəltməyə çalışıb.
FETÖ liderinin son çıxışı göstərir ki, o, Türkiyədə yeni nifaq yaratmaq üçün terror aksiyalarının təşkilinə qərar verib. O baxımdan da polkovnik Önselin də yazdığı kimi Türkiyənin təhlükəsizlik orqanlarının diqqətli olmaları lazımdır.