“Mənə belə gəlir ki, o adamın vəkili və yaxınları bu barədə məlumatlıdırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sorğusu əsasında ötən ilin sentyabrında Moskvada həbs edilən separatçı Fəxrəddin Aboszadənin saxlanıldığı təcridxanadan iki gün əvvəl çıxarılmasına və hara aparıldığına dair hələ də məlumat verilməməsinə münasibət bildirən istefada olan polis polkovniki Mahmud Hacıyev deyib.
Aboszadənin təcridxanadan yoxa çıxması haqda ilk olaraq “Azadlıq” radiosunun rus xidməti “Amnesty İnternational” beynəlxalq təşkilatına istinadən məlumat yayıb.
Məlumata görə, Baş prokurorluğun xüsusi məktubu əsasında təcridxanadan çıxarılan Aboszadənin özü haqda məlumat olmasa da, onun şəxsi əşyaları orada qalıb. Xəbəri seperatçı “lider”in vəkili də təsdiqləyib.
Bu barədə Yenicag.az-a danışan Mahmud Hacıyev bildirib ki, istintaq altında olan şəxsin təcridxanadan çıxarılması prosessual qanunvericiliyə zidd deyil:
“Əslində, prosessual qanunvericilik istintaq altında olan şəxsin bu və ya başqa müddətə təcridxanadan çıxarılmasına imkan verir. Yəni müəyyən istintaq hərəkətinin aparılması ilə əlaqədar həmin şəxs müstəntiq tərəfindən təcridxanadan başqa yerə aparıla bilər. Ona görə də, istintaqı davam edən şəxsin təcridxanadan çıxarılması üçün rəsmi məktubla müraciət olunub.
Bu, prosessual qanunvericilik əsasında müstəntiqə verilmiş səlahiyyət çərçivəsində həyata keçirilir. O adamın istintaqı yekunlaşmayıb, barəsində məhkəmə hökmü yoxdur, islah-əmək müəssisəsində cəza çəkmir ki, onun təcridxanadan çıxarılması təəccüb doğursun.
Təhqiqatın gedişində ortaya elə bir epizod çıxa bilər ki, o məqam istintaq altında olan şəxsin başqa bir yerə aparılmasını zəruri edər. Burada qeyri-adi heç nə yoxdur. Mənə belə gəlir ki, o adamın vəkili və yaxınları bu barədə məlumatlıdırlar”.
Hacıyevin fikrincə, Aboszadənin təcridxanadan qaçırılması ehtimalını ciddiyə almaq yersizdir:
“Əgər istintaq altında olan şəxs qaçırılsaydı, bu barədə mütləq elan verilərdi. Onun qaçırılması ağlabatan deyil”.
A.Zeynalov