Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, artıq ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərin hamısının adı məlum olub. APA-nın məlumatına görə, ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.
06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” və 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
“VAZ 2107”nin sürücüsü, Ağsu sakini, 1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.