FHN Bakı metrosunda yanğın təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən, “Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən dəmir-beton konstruksiyaları istehsalatı sahəsinə məxsus qazanxanada yanğın-taktiki təlim keçirib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Qazanxananın 46/20 nömrəli universal tipli buxar qazanında baş verən şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub.

Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib” və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri “hadisə” baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüb.

Təlim başa çatdıqdan sonra təlim planına uyğun görülmüş tədbirlər müzakirə olunub, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropoliten işçilərinə baş verə biləcək bu kimi fövqəladə hallar zamanı zəruri davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.