FHN-də itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib – FOTO

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Yenicag.az-ın məlumatına görə, FHN-dən APA-ya bildirilib ki, müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

FHN-in axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq, FHN-in helikopteri əməliyyata cəlb olunur.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

Əməliyyat müşavirəsində bir daha təəssüf hissi ilə qeyd olunub ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

FHN kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə anlayışla yanaşmağı tövsiyyə edir.

COP29