FHN itən neftçilərlə bağlı məlumat yaydı

gunesli_yangin_026Ötən ilin dekabr ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, hadisə baş verən ilk gündən nazirliyin müvafiq qüvvələri, o cümlədən təyyarə və helikopterləri qəza nəticəsində itkin düşən neftçilərin axtarışı işlərini intensiz şəkildə həyata keçirib.

`Bununla əlaqədar bildiririk ki, hazırda axtarış işlərində qüvvə və vasitələrin geniş və intensiv tətbiq edildiyi aktiv fazadan müşahidə-axtarış fazasına keçilib. Belə ki, baş vermiş qəza və neftçilərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən Xəzəryanı ölkələrin müvafiq dövlət qurumlarına, Xəzər dənizində üzən gəmilərə isə Dövlət Dəniz Administrasiyası vasitəsilə məlumat verilib və daimi olaraq məlumat mübadiləsi həyata keçirilir. Bundan başqa, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hazırda sahilboyu, Aviasiya dəstəsinin helikopterləri isə mütəmadi olaraq müşahidə-axtarış işləri aparırlar. İtkin düşmüş neftçilərlə bağlı dənizdə aşkar edilən hər hansı diqqət cəkən predmet aşkar edildikdə dərhal müvafiq tədbirlər görülür. Bütün yuxarıda göstərilən işlər nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən koordinasiya edilir`.