FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən vətəndaş Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazaların fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – məlumatda qeyd olunub.

COP29