Türkiyə xarici işlər naziri Hakan Fidan Misirə səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, səfər H.Fidanın misirli həmkarı Bədir Əbdülatinin dəvəti ilə baş tutacaq.
Hər iki nazir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri zamanı keçiriləcək ilk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlıqları müzakirə edəcək.
Görüşlər zamanı ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, eyni zamanda regiondakı mövcud proseslər barədə fikir mübadiləsi aparılacaq.
Enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olunacaq.
Səfərin əsas gündəm maddələrindən – Qəzzadakı son hadisələr, Fələstin məsələsi və Qəzzaya humanitar yardımla yanaşı, Liviya, Sudan və Somalidəki proseslər də hərtərəfli qiymətləndiriləcək.
Həmçinin H.Fidanın “Rəfah” sərhəd-keçid məntəqəsi və Əl-Ariş limanını ziyarət edəcəyi də gözlənilir. XİN başçısının Türkiyədən Qəzzaya göndərilən humanitar yardımla bağlı Misir Qızıl Aypara Cəmiyyətinin logistika mərkəzinə baxış keçirməsi də planlaşdırılır./axar.az