FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.
Yenicag.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda baş tutan tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb və onlara mükafatları təqdim olunub.
Öncə bu ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. “Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub. Jirunun Premyer Liqa çərçivəsində “Kristal Pelas”a qarşı keçirilən oyunda dabanla vurduğu qol ən yaxşı seçilib.
İlin ən yaxşı baş məşqçisi İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan seçilib. Madrid təmsilçisi ilə ötən mövsüm İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan fransız mütəxəssislə yanaşı, bu adı almağa Massimiliano Alleqri (“Yuventus”) və Antonio Konte (“Çelsi”) də namizəd idi.
Qeyd edək ki, Zidan ilin ən yaxşı futbolçusu (1998) və məşqçisi (2017) mükafatını alan ilk futbol adamı kimi tarixə düşüb.
İlin ən yaxşı qapıçısı İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluici Buffon seçilib. Bu mükafata italiyalı qapıçı ilə yanaşı, Keylor Navas (“Real”, İspaniya) və Manuel Noyer (“Bavariya”, Almaniya) də namizəd idi. Qeyd edək ki, Buffon ötən mövsüm “Yuventus”la növbəti dəfə İtaliya çempion olub, UEFA Çempionlar Liqasında final oynayıb.
İlin ən yaxşı fanatları Şotlandiyanın “Seltik” klubunun azarkeşləri seçilib. Bu mükafata Almaniyanın “Borussiya” (Dortmund) və Danimarkanın “Kopehagen” komandalarının fanatları da namizəd idi.
İlin feyr-pley mükafatı Toqo millisinin və Çexiyanın “Zbroyovka” komandasının futbolçusu Fransis Koneyə təqdim edilib. O, geridə qalan mövsümdə şərəfini qoruduğu Çexiyannı “Slovaçko” komandasının heyətində “Bohemians”a qarşı keçirilən oyun zamanı rəqib futbolçunun həyatını xilas etdiyi üçün bu mükafata layiq görülüb.
2017-ci ilin simvolik komandası da müəyyənləşib. Heyətdə aşağıdakı futbolçular yer alıblar:
Qapıçı: Canluici Buffon (İtaliya, “Yuventus”);
Müdafiəçilər: Dani Alves (Braziliya, “Yuventus”/PSJ), Serxio Ramos (İspaniya, “Real”), Leonardo Bonuççi (İtaliya, “Yuventus”/”Milan”), Marselo (Braziliya, “Real”);
Yarımmüdafiəçilər: Toni Kroos (Almaniya, “Real”), Luka Modriç (Xorvatiya, “Real”), Andres İnyesta (İspaniya, “Barselona”);
Hücumçular: Lionel Messi (Argentina, “Barselona”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Neymar (Braziliya, “Barselona”/PSJ).
2017-ci ilin ən yaxşı qadın futbolçusu hollandiyalı Like Martens (“Barselona”) seçilib. Bu mükafata onunla yanaşı, Deyna Kastelyanos (“Santa-Klarita”, ABŞ) və Karli Lloyd (“Mançester Siti”, İngiltərə) da namizəd idi.
Qadın futbolunda ən yaxşı baş məşqçi isə Hollandiya millisinin çalışdırıcısı Sarina Viqman seçilib. O, Danimarka yığmasını çalışdıran həmkarı Nils Nilsen və fransalı Jerar Preşeri (“Olimpik”, Lion) qabaqlayıb.
Ən sonda isə 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. İlin ən yaxşısı Kriştiano Ronaldo seçilib. İspaniyanın “Real” klubunun portuqaliyalı hücumçusu ilə yanaşı, bu ada Lionel Messi (“Barselona”) və Neymar da (PSJ) namizəd idi. Qeyd edək ki, baş mükafatı sahibinə dünya şöhrətli Maradona və Ronaldo Luis Nazario təqdim edib.