“Jam.az” saytının həbsdə olan baş redaktoru Fikrət Fəraməzoğlunun barəsindəki həbs-qətimkan tədbiri uzadılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, Nərimanov rayon Məhkəməsində işi aparan müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb.
Qərara əsasən, Fikrət Fəraməzoğlunun barəsində həbs-qətimkan tədbiri 3 ay, yəni gələn il yanvarın 30-a qədər uzadılıb.
Elçin Sadıqov bu qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. (Lent.az)