Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

1473912594_1473879853_1473873834_f6e94c06-0789-4af7-9933-6fda265086b2_mw1024_mh1024_sJam.az saytının baş redaktoru Fikrət Fəraməz oğlu həbsi ilə bağlı prezidentə müraciə edib.

Yazarın müraciətini təqdim edirik:

Öncəliklə məni müdafiə edən dostlara, həmkarlara dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, mən heç bir günahın sahibi deyiləm. Və həbsim sifarişlidir. İyunun 30-da BMCMİ-nın əməkdaşları öncədən hazırladıqları şərləmə əməliyyatı keçirərək, qoluma qandan vuraraq, cibimə pul qoyub həbs etdilər. Daha sonra üzümə durmaq üçün öyrədilmiş adamları gətirib yalandan guya həmin adamlardan pul aldığıma dair onlardan izahat aldılar.

Qeyd edim ki, BMCMİ-nın əməkdaşları üzümə durmaq üçün azqala ölkənin yarısının imkanlarından istifadə etməyə çalışmaqla yanaşı, hətta bunun üçün həmin adamlara təzyiq göstərməkdən də çəkinmirdilər. Hətta üzümə deyirdilər ki, istənilən adamı üzümə durduracaqlar.

Bildirim ki, BMCMİ-də ayrı-ayrı adamların əleyhinə ifadə almaq, habelə onların əleyhinə ifadə verməm üçün mənə göstərilən fiziki və psixoloji təzyiqin və işgəncələrin sayı-hesabı olmayıb. Bunun məntiqi nəticəsi 34 gün BMCMİ-də saxlanılmağım, vəkildən imtina etməyim, habelə apellyasiya şikayəti verməkdən imtinaya məcbur edilməyimdir.

Bütün bunların hamısı təzyiq altında baş verib. Uzun müddət susqun qalmağım, birbaşa hər hansı bir açıqlama verməməyim də məhz bu təzyiqlər nəticəsində baş verib. İstintaqın gedişatı məsələsinə gəlincə bu işin qurama, qondarma və sifarişli olduğunu deməyə lüzum yoxdur. Ona görə ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır və bundan sonra da aparılacağı inandırıcı deyil. Çünki, sifariş verənlər mənim həbsimə nail olub, uzun müddət həbsdə qalmağım üçün bütün imkanlarından istifadə ediblər. Barəmdə qaldırılmış cinayət işinin qondarma və sifarişli olduğunu sübut edən yetərli qədər dəlillər var.

. Əleyhimə yalan ifadə vermiş Mehman Həsənov, Şirin və Baxşeyişlə nə görüşmüşəm, nə də onlardan pul tələb etmişəm. Onların hər üçü BMCMİ-nın ştatlı üzəduranlarındandır. Mən görüşmədiyim, danışmadığım adamlardan necə pul tələb edə bilərəm?

2. Əleyhimə yalan ifadə vermiş hər üç şəxsin Bakıda əxlaqsızlıq yuvası işlətdiyini bilməyən yoxdur. Əgər onlarla əlaqəm olmuşdusa o zaman istintaq bizim mobil telefonlarımızın anten uyğunlaşdırılmasını aparmaqdan niyə imtina edir? Bununla bağlı qaldırdığım vəsatətləri niyə rədd edir? Səbəb məlumdur. Çünki belə bir araşdırma olarsa həmin ştatlı üzəduranların yalanları üzə çıxmış olacaq.

3. Əgər mən həqiqətən də Mehman Həsənovdan pul almışdımsa həmin əskinazların üzərində əl izlərim olmalıdır. Mən istintaq qarşısında dəfələrlə pulların ekspertizasının aparılmasını irəli sürsəm də, bu reallaşdırılmayıb. Çünki, həmin pulların üzərində əl izlərimin olması mümkün deyil. Ona görə ki, həmin pul qoluma qandan vurulduqdan sonra məhz əməliyyatçılar tərəfindən cibimə zorla qoyulub.

4. Əgər həqiqətən cinayət əməli törətmişəmsə niyə 34 gün tam təcrid olunmuş vəziyyətdə saxlanılırdım? Bunların qorxusu nədən ibarət idi?

5. Niyə vəkildən və apellyasiya şikayətindən imtinaya məcbur edildim?

6. Mənimlə görüşmək istəyən qırmızı xaç komitəsinin əməkdaşlarına niyə mənim BMCMİ-də olmadığımı deyib onlarla görüşümə 1 gün sonra icazə verdilər?

7. Mənimlə bağlı həyat yoldaşımın Prezidentə etdiyi müraciətlərə niyə sərt münasibət göstərir, mənə və həyat yoldaşıma təzyiqlər edirdilər?

8. Barəmdə qaldırılmış cinayət işində qeyd olunan maddələr üzrə dəlil və sübutlar nədən ibarətdir? Niyə onlar mənə və vəkilimə tanış olmaq üçün təqdim edilmir?

9. CM-nın 182.2.2 maddəsinə əsasən guya mən qrup şəklində ayrı-ayrı adamları təhdid etmişəm. Hanı həmin qrup üzvləri?

10. CM-nın 182.2.4 maddəsinə əsasən guya mən ayrı-ayrı adamlara xeyli miqdarda zərər vurmuşam. Kimdir həmin adamlar? Niyə mənim onlarla üzləşməyim təmin edilməyib.

11. Kompüterimin çantasından toplanmış 10-dan artıq otel və motelin siyahısını əleyhimə istifadə etməyə çalışan istintaq niyə əziyyət çəkib rəhbəri olduğum jam.az saytına 5 dəqiqəlik araşdırma aparmayıb? Halbuki həmin siyahıda qeyd edilən otel və motellərin ləğv edilmiş MTN-nin keçmiş generalı Elçin Quliyevin haqq aldığı və şantaj məqsədilə istifadə etdiyi obyektlərdir. Həmin obyektlərin adları və Elçin Quliyevə aylıq nə qədər pul verdikləri jam.az saytında xeyli əvvəl dərc olunub. Əgər mən həqiqətən də siyahıda adları olan hotel və motellərdən hədə qorxu ilə pul almışamsa onların adlarını və ayda nə qədər pul verdiklərini saytımda niyə yazırdım?

Bütün bunlar sadalamaq istədiyim halların cüzi bir hissəsidir. yaxın vaxtlarda digər məqamlarla bağlı geniş açıqlama verəcəyəm. Bu gün niyə həbs olunduğumu yaxşı bilirəm. Mən bəzi məmurların maraqlarını tapdalamışam. Onların qeyri-qanuni fəaliyyətlərini, gizli bizneslərini, qanunsuz əməllərini ifşa etmişəm. Bu da həmin məmurların qəzəblənməsinə, qazanclarının azalmasına gətirib çıxarıb ki, bu da həbsimə sifariş verilməsi ilə nəticələndi. Bu adamların mənə qarşı olan qəzəbi və qərəzi o həddədir ki, hətta MTN-dəki cinayətkar dəstənin əməllərini belə kölgədə qoyur. Hələ 2008-ci ildə rəhbəri olduğum “24 saat” qəzetini əlimdən almaq istəyən MTN rəhbərliyi məni 2 günlük həbs etmişdi. Həmin vaxt məni şəxsən özümlə təhdid edərək qəzeti onların adamına verməyəcəyim təqdirdə həbs ediləcəyimi bildirmişdilər. Lakin BMCMİ-i mənim günahsız olduğumu, sifarişlə həbs olunduğumu, təzyiqlərə məruz qaldığım barədə Prezidentə müraciət edən həyat yoldaşımı istintaqa çağıraraq onu həbs edəcəklərini, ölkədən deportasiya edəcəkləri ilə təhdid ediblər.

Nəzərinizə çatdırım ki, hələ indiyə qədər həbs olunmuş jurnalistlərin ailələrini mənimki kimi nə təhdid olunub, nə də istintaqa çağırılır. Hətta Suriyada döyüşmüş terrorçuların ailələri belə təhdid edilməyib. Mən hansı cinayətin sahibiyəm ki, özüm həbs olunmuşam, həyat yoldaşım isə təhdid olunur. Bu təhdidləri əks etdirən məqamlardan biri maşınının şüşətəmizləyən altına səni öldürərik məktubu, maşınının qapısına qan səpilməsidir. Məni Suriyada döyüşən Azərbaycan üçün real təhlükə olan terrorçulardan daha ağır cinayət törətmişəm? Mən günahsızam, heç bir cinayət əməli törətməmişəm, həbsim tamamilə sifarişlidir. Sonda ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edərək bildirirəm ki, ayrı-ayrı məmurların qanunsuz əməllərini ifşa edərək onların hərəkətlərini ictimai qınağa çevirməyim məhz Sizin çıxışlarınıza əsaslanıb. Belə ki, Siz özünüz çıxışlarınızda dəfələrlə bəyan etmişiniz ki, qanunsuz əməllərlə məşğul olan məmurların ifşa edilməsini mətbuat həyata keçirsin. Mən də Sizin çağırışınıza dəstək vermək məqsədilə təcrübəli jurnalist olaraq araşdırmalar aparmışam. Və bu araşdırmaların faktlar ayrı-ayrı məmurların qəzəbinə səbəb olub ki, nəticədə onların sifarişi ilə həbs olunmuşam. Cənab Prezident mən heç bir vaxt Sizin siyasətin əleyhinə çıxış etməmişəm. Bu istiqamətdə hər hansı yanlışım olmayıb. İstər ölkənin içində, istərsə də xaricdə dövlətimin maraqlarını qorumuşam. Sizdən artıq dərəcədə xahiş edirəm ki, dövlətimizin başçısı olaraq hər bir azərbaycanlının Prezidenti olaraq ədaləti bərpa edəsiniz. əminəm ki, mənim həbsdə olmağıma imkan verməyəcəkdiniz”.