Film Fondunda kino müşavirəsi keçirilib

Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib.

Tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kinonun inkişafı istiqamətində atılan addımlardan danışıb. Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: “Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı müasir Azərbaycan kinosunun qarşısında duran vəzifə və məqsədlər haqqında danışaraq müvafiq qurumlara tapşırıqlar verib.

Tədbirdə “Azərbaycanfilm” kinostudyası, Dövlət Film Fondu, “Yaddaş” və “Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştrak edib.

Yenicag.az

COP29