Finalın adı: “Qəbələ” – “Sumqayıt”

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Yenicag.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan iki qarşılaşmadan sonra finalçılar müəyyənləşib.

Öncə “Qarabağ”la “Qəbələ” münasibətlərini aydınlaşdırıb. Səfərdə 0:1 hesabı ilə uduzan Ağdam klubu hər hissədə bir qol vuraraq 2 top fərqilə önə keçsə də, qonaqlar matçın sonlarında dönüş yarada biliblər. Qəbələnin eyniadlı təmsilçisi görüşdə fərqi minimuma endirib və ümumi nəticədə səfər qolu sayəsində finala yüksəlib.

Tarixində 4-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” ardıcıl 3-cü dəfə final həyəcanı yaşayacaq. Bu qarşılaşma xoşagəlməz hadisəylə yekunlaşıb. Belə ki, “Qarabağ”ın futbolçusu Markos Madera rəqibinə baş zərbəsi endirib. Bunadək isə “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov texniki zonadan kənarlaşdırılıb.

Digər matçda “Zirə” “Sumayıt”ı qəbul edib. İndiyədək heç vaxt finalda oynamayan komandaların duelində meydan sahibləri şanslı sayılsa da, tam əksi baş verib.

Evdə qolsuz heç-heçəylə kifayətlənən sumqayıtlılar rəqib meydanındakı matça aqressiv başlayıb. Cütün taleyini ilk yarıda həll edən komandanı Peyman Babayinin het-triki finala daşıyıb. Bununla da təkcə “Sumqayıt”ın deyil, ümumiyyətlə eyniadlı şəhərin təmsilçisi ilk dəfə finala yüksəlib.

“Zirə” fasilədən sonra üç qol vuraraq, hesabda tarazlıq yaratsa da, bundan artığını bacarmayıb. “Sumqayıt” səfər qolları sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal
1 may

“Qarabağ” – “Qəbələ” – 2:1
Qırmızı vərəqə: Markos Madera, oyundan sonra (rəqibə başla zərbə vurduğuna görə)
Qollar: Markos Madera, 37; Dani Kintana, 58 – Davit Volkov, 82
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun – 0:1

“Zirə” – “Sumqayıt” – 3:3
Qollar: Pərdis Fərcad-Azad, 47, Xulio Sezar Rodriqez, 84, Şafik Tiqrudja 90+5 – Peyman Babayi, 19, 27, 45
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu, 20:00
İlk oyun – 0:0