Finlandiya prokurorları “Rusiç” hərbi qrupunun qurucusu və keçmiş komandiri Voyislav Tordenin (Yan Petrovski) Ukraynanın şərqində hərbi cinayətlər törətdiyinə görə ömürlük həbs cəzası tələb edir.
Yenicag.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayım kanalı xəbər yayıb.
Cümə axşamı, 5 dekabr tarixində Helsinki Rayon Məhkəməsində Tordenin işi üzrə məhkəmə prosesi başlayıb. O, 2014-cü ilin sentyabrında Ukraynanın şərqində törədilmiş beş hərbi cinayətdə ittiham olunur.
Qeyd edək ki, Finlandiya tarixində ilk dəfədir ki, Ukraynada hərbi cinayətlərdə ittiham irəli sürülür. İttihamlar Tordenin Rusiya tərəfindən dəstəklənən qondarma “Luqansk Xalq Respublikası” (LXR) separatçılarının tərəfində döyüşən neonasist “Rusiç” hərbi qrupundakı fəaliyyəti ilə bağlıdır. Prokurorluq iddia edir ki, o, komandir müavini kimi Ukrayna hərbçilərinə birbaşa əmr verib və özü də qətllər törədib. Cinayətlər, əsasən, qrupun özü tərəfindən çəkilmiş və yayımlanmış videolarla sübuta yetirilib. Prokurorluq Tordenin ömürlük həbs cəzasına məhkum edilməsini tələb edir.
Tordenin vəkili Heiki Lampela müvəkkilinin müharibə cinayətləri ilə bağlı bütün ittihamları rədd etdiyini bildirib. Müdafiə tərəfi həmçinin “Rusiç” qrupunun neonasist ideologiyasını qəbul etdiyini inkar edir. 2023-cü ilin fevralında Torden Finlandiyaya giriş qadağasını iki dəfə pozduğuna görə iki il həbs cəzasına məhkum edilib. Petrovski Ukraynanın suverenliyinə və müstəqilliyinə təhlükə yaradan hərəkətlərinə görə, Avropa İttifaqı və ABŞ-nin sanksiyalar siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Petrovski 2022-ci ildən “Rusiç” qrupunun komandiri kimi fəaliyyət göstərib.
ABŞ rəsmiləri qeyd edir ki, Petrovski 2022-ci ildə Xarkov uğrunda gedən döyüşdə qrupun digər üzvü Aleksey Milçakovun yaralanmasından sonra əsas komandanlıq məsuliyyətini öz üzərinə götürüb. 2023-cü ilin dekabrında Finlandiya Ali Məhkəməsi Tordenin Ukraynaya ekstradisiya edilməsinin qarşısını aldı. Məhkəmə qərarına əsasən, Ukraynada onun insan hüquqlarının pozulma riski olduğu iddia edilir. 2024-cü ilin oktyabrında Finlandiya Mərkəzi Kriminal Polisi Petrovski ilə bağlı ilkin istintaqı tamamlayıb. Məhkəmə prosesinin gedişi və qərarı beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.