Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Ukrayna ilə yanaşı, digər dövlətlərə də barmaq silkələyən Rusiya təklənməkdədir.
Yenicag.az xəbər verir ki, ABŞ və Avropa dövlətləri Ukraynanı silahlandırmaqla yanaşı, NATO üzvü olmayan və Rusiya ilə 1340 km sərhədi olan Finlandiyaya da dəstəyi artırmaqdadırlar. Kırımın işğalına qədər Rusiya ilə yaxşı münasibətdə olan finlərin NATO çətiri altına girmək istəyi artıb və adı çəkilən təşkilat da gözlənilən rus işğalının qarşısını almaq üçün Finlandiyanın üzvlük məsələsini tezləşdirmək istəyir.
Sərhədində NATO əsgəri görmək istəməyən rusların üzlərini Ukraynadan Finlandiyaya çevirə bilmə ehtimalına qarşı finlər sərhədlərini gücləndirirlər.
Sosial mediada yayılan videolardan da göründüyü kimi, Finlandiya ordusu fin-rus sərhədinə yönəldilməkdə və ağır artilleriya orada cəmləşdirilməkdədir.
Onu da qeyd edək ki, Finlandiyada əhali və parlmentdəki siyasi partiyaların əksəriyyəti NATO üzvlüyünü dəstəkləməkdədir. Kremlin mətbuat katibi Peskov isə son açıqlamasında NATO-ya üzv olacaqları təqdirdə, Finlandiyanın barış və stabillik əldə edə bilməyəcəyini söyləyib: “NATO-nun fəaliyyət dairəsini genişlətməsi Avropanın təhlükəsizliyinə xidmət etməyəcək”.
Amin FƏRƏCLİ