“FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti” öz işinə başlayıb

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixlərində “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı Sammit öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, sammitdə aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edir. Tədbirə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri də qatılıb.

Sammiti giriş sözü ilə Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıq elan edib.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sektor qarşısında telekomunikasiya infrastrukturunun inkişafı ilə bağlı strateji hədəflər qoyulub. Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genləndirilməsi, mobil sektorunda RPE texnologiyaların tətbiqi əsas məqsədlərdən biridir”. Bu istiqamətdə mühüm işlərin görüldüyünü vurğulayan nazir bildirib ki, bu infrastrukturlar müasir maliyyə xidmətlərinin, internet və mobil bankçılığın inkişafı üçün olduqca vacibdir.

“Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən biri də rəqəmsal ödənişlərin genişləndirilməsidir. Bu çərçivədə hazırlanmış və qəbul olunmuş Dövlət Proqramının icrasında nazirlik Mərkəzi Bankla sıx əməkdaşlıq edir” – deyə R.Quluzadə əlavə edib.

Nazir söyləyib ki, son illərdə informasiya texnologiyaları sektorunda yeni inkişaf növləri meydana gəlib. Blokçeyn, blok texnologiyaları, süni intellekt, iri məlumatların emalı və digərləri geniş tətbiq olunmağa başlanıb. Bu texnologiyalar, həmçinin müasir FinTex texnologiyalarının əsasını təşkil edir. Hazırda blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır.

Nazir Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədə maraqlı olduğunun deyən nazir müasir texnologiyaların inkişafında, həmçinin startapların mühüm rol oynadığını qeyd edib. Nazirliyin startapların inkişaf etdirilməsində öz köməyini əsirgəmədiyini söyləyib.

Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev isə diqqətə çatdırıb ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna da öz təsirini göstərir. Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır.

Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında FinTexlərə olan marağı durmadan artırmaqdadır. Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi FinTexlərlə əməkdaşlıq edir. Əgər 2011-ci ildə dünyada fintexlərə investisiyaların həcmi 1,8 milyard dollar idisə, ötən ilin sonuna bu göstərici 30,8 milyard dollara çatıb. Gələcəkdə FinTexlərin effektivliyi və səmərəlilik göstəricisi artdıqca investisiyalar da artacaq.

Sammit dörd Paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – FinTexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək.

İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), “TEB – BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QİWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələri də var.

COP29