“Elə bilirəm Ramiz yenə həyatdadır, teatrdadır və həmişəki kimi məşqlərini edir, tamaşalarını oynayır…”
Bunu bu gün doğum günü olan mərhum xalq artisti Ramiz Novruzla bağlı fikirlərini bölüşərkən tanınmış aktrisa Firəngiz Mütəllimova Yenicag.az-a açıqlamasında deyib.
O, sənət dostunun yoxluğu ilə hələ də barışmadığını bildirib:
“Ömrünün son aylarını sağalmaz xəstəliklə mübarizə aparmaqla keçirdi. Həmin vaxt onunla qarşılaşmamağa çalışırdım. Çünki xəstə olduğu halda onunla görüşmək istəmirdim. Deyirdim, onu bu halda gördüyümə görə pis olar. Amma tez-tez telefonla danışırdıq, hal-əhval tuturdum. Onu xəstə halda görmədiyim üçün elə bilirəm yenə də həmişə olduğu kimi işinə gedib-gəlir. Ölümünü qəbul edə bilmirəm.
Ramiz Azərbaycan teatrında və kinosunda izini qoyan və sevilən bir aktyor idi. Onun ömrü bu gün də oynadığı obrazları ilə davam edir. Ramiz yenə də sevənlərinin ürəyindədir. Oğlu Cavidana və bütün ailəsinə səbir diləyirəm. Cavidan onun sənət yolunu davam etdirir. Hər dəfə atasının sosial şəbəkə hesabında nəsə paylaşanda elə bilirəm elə Ramiz Novruz paylaşıb”.
Cəvahir