Camal Quliyevin “reydləri” necə hesablanır?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində rəhbər dəyişikliyindən sonra bu sahədə vəziyyətin düzələcəyi gözlənilsə də, gözləntilər özünü doğrultmadı.
Dünyada ərzaq təhlükəsizliyinin artıq qlobal problemə çevrildiyi bir zamanda xüsusilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində fermerlərin qarşısına qoyulan tələblər xeyli ciddiləşib. Bu təcrübənin Azərbaycanda da yayılmasına böyük ehtiyac olsa da, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmir.
Ölkədə satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıqlar günbəgün artır, bu isə sözügedən qurumun yarıtmaz fəaliyyətindən danışmaq üçün kifayət qədər əsas verir.
Məsələ burasındadlr ki, heç fermerlər də məhsul istehsalında onların qarşısına qoyulan tələblərdən məlumatlı deyillər. Bunu onlara öyrətməli olan, müxtəlif seminar və treninq keçirməyə borclu olan qurum- Fitosanitar Nəzarəti Xidmətinin rəhbərliyi isə ancaq qazanc yolunu tutduğundan ərzaq təhlükəzliyi arxa plana keçib. Dövlət Fitosanitar Xidmətin fəaliyyətində ekoloji təhlükəsizliyin təminatı baxımından böyük dəyişikliklərə ehtiyac olsa da, hələlik bu sahədə ciddi irəliləyiş yoxdur. Əvəzində qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda “reydlər” keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzlu üçün imkan yaratmış olurlar.
Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyətə göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda rüşvət verməyə vadar edilir.
Daxil olan məlumata görə, Xidmətin rəisi Camal Quliyev isə hansısa səbədən işini daha çox Şəki-Zaqatala bölgəsi ilə “qurmağa” maraqlıdır. Mənbə xidmət rəisinin bu bölgəyə olan xüsusi marağının heç də təsadüfi olmadığını deyir: “Şəkidə Camal Quliyevin biznes şəbəsəki var. Buna görə də xidmət rəisi mütəmadi olaraq həmin bölgədə olur. Hətta həmin bölgədə tez-tez müşavirələr keçirilir, işgüzar mühit görüntüsü yaradılır. Amma hamıya Camal Quliyevin həmin bölgəyə bu qədər tez-tez səfər etməsinin səbələri məlumdur”.
Məlumatlara görə, Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları rəhbərliyin xüsusi tapşırığı əsasında məhsul istehsalında qayda pozuntularına yol verən fermerlərə yazılan böyük miqdarda cərimələr daha sonra 20 min manatlıq “hörmətlə” silinir. Xüsusilə Rusiya bazarı üçün işləyən fermerlərə qarşı “cəza” tədbirləri görülür ki, bu da onların bazarı əldən verməmək üçün tələb olunan rüşvəti verməsini şərtləndirir. Ancaq Fitosanitar Nəzarəti Xidməti üçün 2015-ci ilin Kənd Təsərrüfatı ili elan olunmasını da heç bir əhəmiyyəti yoxdur. Əsas “reydlər” və o reydlərdən əldə edilən pullardır. Əhali zəhərli məhsul yesə də olar. (conflict.az)