“Azərbaycanda bu il fitrə zəkatının məbləği 10-15 manat arası olacağı güman edilir”.
Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə¸ fitrə zəkanın verilməsi o qaydada hesablanır ki, hər bir şəxs 3 kilo buğda, düyü, un yaxud qeyd olunan məbləği fitrə zəkatı olaraq verməlidir:
“Adambaşına düşən məbləğin müəyyən olunması dövrə görə dəyişir. Amma qədim dövrlərə əsasən, buğdanın dəyəri daha çox idi. İndi isə bunun tam hesablanma forması bir insanı doydurmaq üçün nəzərdə tutulan məbləğlə müəyyən edilir”.
Digər din xadimi, İmam Həsən məscidinin Axundu Eldayaq Hüseynov isə bildirib ki, fitrə zəkatının verilməsi qaydası nəzərdə tutulmuş 3 kilo düyü, arpa, un, xurma və s. əsas qidaların yaxud onların pulunun verilməsi nəzərdə tutulur:
“Yaxşı olardı ki, hər bir ailə öz büdcəsinə uyğun olaraq, alacağı fitrəni müəyyən etsin. Qeyd edim ki, ailədə uşaq, körpə olsa belə, onun da adına fitrə çıxarılmalıdır. Veriləcək fitrəyə gündəlik həyatda istifadə olunan qida rasionları daxildir. Bunlara isə arpa, buğda, düyü, xurma, kişmiş və s. qidaları daxil etmək olar”.
Nəzrin Bünyatova