Fiziki məhdudiyyətli insanların üzləşdiyi PROBLEMLƏR: Məsuliyyətsiz insanların yaratdığı çətinliklər – VİDEO

“Kafelərin masa və oturacaqları, mağazaların elan lövhələri tərəfindən zəbt olunan səkilərdə əlil arabasının hərəkəti məhdudlaşdırılır”.

Yenicag.az xəbər verir ki, əlil arabasından istifadə edən qardaşının ictimai məkanlarda üzləşdiyi çətinliklərindən şikayət edən Nigar Mirzəyeva öz etirazını videogörüntülər fonunda faktlarla göstərib.

Videoda Bakıxanov qəsəbəsi, 4 saylı “ASAN xidmət”dən “Dvorec” deyilən yerə qədər olan məsafədə fiziki məhdudiyyətli şəxsin yaşadığı çətinliklər göstərilir. Nigar Mirzəyeva bildirib ki, şəhərdə hər gəzinti səbr, fiziki və mənəvi güc tələb edir. Çünki onsuz da çətin olan həyatımızı bir də qanun pozuntuları daha çox çətinləşdirir:

“58-59 kq olduğum halda, üzərində 30-32 kq çəkisi olan uşağı, 35 kq-lıq arabanı (cəmi 60-65 kq) səkiyə hər dəfə qaldırıb endirdiyim zaman güc tətbiq etməli və əyri səkilərdə arabanın aşmaması üçün ayağımla arabaya dəstək verməli olduğum üçün, demək olar ki, hər dəfə ayağımdan zədələnirəm. Videonun sonunda, video çəkilən gün ayağımdan aldığım zədəni də yerləşdirmişəm. Mən işlədiyim, işdə olduğum zaman bütün bunları anam tək etməli olur.

Səkilərdə, klinikalarda, kitabxanalarda, kafelərdə, mağazalarda, apteklərdə, qısacası ictimai məkanların, yerlərin 99%-də pandusun olmaması əlil arabasından istifadə edən şəxsləri evə məhkum edir. İctimaiyyətə qarışmaq, sosiallaşmaq hüquqları əlindən alınır. Çünki özü sərbəst şəkildə mağazaya və ya aptekə girib ehtiyaclarını ala bilmir, kitabxananın hər kəs üçün açıq olan xidmətlərindən istifadə edə bilmir. Mən qardaşımla şəhərə çıxdığım zaman onunla birlikdə pandusun olmaması səbəbilə bir çox marketə girə bilmirəm. Gərək onu çöldə qoyub marketə girim və bu da mümkünsüzdür.

Kafelərin masa və oturacaqları, mağazaların elan lövhələri tərəfindən zəbt olunan səkilərdə əlil arabasının hərəkəti məhdudlaşdırılır. Bakı şəhərinin mərkəzi və ya kənar küçələrində olan bu bitməz problemlə qarşılaşmaq yorucu olur. Çünki hər dəfə səkini zəbt edən obyektə girib “səkidəki lövhəni götürün” demək insanı yorur. Obyektə bunu demək əlil arabasında olan və ya o arabanı sürən insanın borcu deyil. O obyekt sahibinin borcudur ki, qanunla icazə verilən şəkildə fəaliyyət göstərsin.

Səkilərin minik avtomobilləri tərəfindən zəbt olunması, əlil arabasından istifadə edən və ya o arabanı sürən insanın gediş-gəlişinin məhdudlaşdırılması açıq qanun pozuntusudur. Hər dəfə minik avtomobilləri tərəfindən zəbt olunan səkidən keçmək üçün ya səkidən enib, təhlükəli şəkildə maşın yolu ilə getməliyik, ya da maşının yanından ehtiyatla keçməliyik.

Bakıda, demək olar ki, hər küçədə səkinin düz ortasında olan işıq dirəyi görmək mümkündür. Əlil arabası ilə o səkini keçmək isə sözün tam anlamında zülmdür. Görəsən, işıq dirəklərinin harada, necə yerləşdirilməsi barədə təlimat verən şəxslər hansı məntiqli əsaslara dayanaraq bunu edirlər?!

Addımbaşı səkilərin dağılmış olması əlil arabasının gedişinə çətinlik yaradır. Keyfiyyətsiz məhsul və ya səbəb hər nədirsə, bu, əlil arabası istifadəçisini maşın yolu ilə getməyə məcbur edir.

Şəhərin bəzi yerlərində səkilər pandusla təmin olunsa da, taksilər və minik avtomobilləri həmin səkiləri zəbt edir. Hər dəfə bu halla rastlaşanda biz pandusdan istifadə etmək üçün sürücü axtarışına çıxır və ya maşının üzərinə yazılı qeyd qoymalı oluruq ki, bəlkə, gələn dəfə eyni səhvi təkrarlamaz və pandusda dayanmaqdan vaz keçər”.

Mövcud problemlərin aeadan qaldırılması üçün aidiyyatı orqanlara müraciət edən Nigar Mirzəyeva belə qeyd edib:

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Azəryolelmitədqiqatlayihə İnstitutu və ASAN Xidmət – mümkünsə, qeyd etdiyim problemlərin aradan qaldırılması üçün lazımi tədbirləri görəsiniz. Çətin və çox məsuliyyətli olan həyatımızı qanun pozuntuları, şəhərdəki gediş-gəliş problemləri ilə çətinləşdirməyəsiniz. Bunu tək qardaşım üçün yox, bütün fiziki məhdudiyyətli şəxslər üçün hazırladım. Bir-birimizin həyatını çətinləşdirməyək. Əksinə. asanlaşdıraq ki, insanlara yaşamaq daha asan gəlsin”.

Gülşən Şərif