“Əlimdə əlac olsaydı, gücüm çatsaydı, əlimi uzadıb Oqtayı əcəlin əlindən alardım və ölməyə qoymazdım. Amma o güc bizdə yoxdur, əlimizdə deyil. Oqtay da mənim əlimdən getdi”.
Bunu ötən gün koronavirus infeksiyasından dünyasını dəyişən məşhur bəstəkar Oqtay Rəcəbov barədə danışarkən bəstəkar Flora Kərimova Yenicag.az-a açıqlamasında deyib.
Xalq artisti göz yaşına hakim ola bilməyib:
“Bu xəbəri eşidəndən bəri özümə gələ bilmirəm. Bütün keçmişim gəlib durub gözümün önündə. Oqtay ailəvi dostumuz idi. Bilirsiz ki, mənim həyatım sakit, hamar keçməyib. Oqtay o insanlardan idi ki, keşməkeşli həyatımın dolanbac yollarında həmişə yanımda olub, mənə əlini uzadıb. Genişürəkli, sadiq bir insan idi. Hamı bizi üç dost kimi tanıyırdı; Oqtay, mən və Moskvada səfir işləyən bir nəfər. Bizə “üç müşketyor” deyirdilər. Oqtay getdi, tək qaldım, bir-bir sıralarımız seyrəlir, bir-bir dənlənirik. Hər kəsin öz zamanı var, vaxtı çatanda gedəcək. Bu Allahın yazısııdır, bir gün mən də köçəcəm bu dünyadan. Amma dünyada əbədi yaşayan musiqilərdir. Oqtay getdi, amma musiqiləri onu yaşadacaq. Mənim üçün ağır itkidir. Necə ağlamayım, necə kövrəlməyim, asan deyil axı?”
Cəvahir