Mərhum xalq artisti Amaliya Pənahovanın vida mərasimində Flora Kərimova ilə Elçin Əfəndiyev arasında narazılıq yaranıb.
Yenicag.az xəbər verir ki, Flora Kərimova şəxsi “instagram” hesabında paylaşım edərək xalq yazıçısı ilə arasında olan məsələyə münasibət bildirib.
Xalq artisti Flora Kərirmova bunları yazıb:
“Mən ancaq münasibətə adekvat cavab verən adamam. Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz?! Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil. Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz. Mən heç vaxt müxalifətçi olmamışam. Mən müxalif olmuşam. Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır. İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.
Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildin ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, “qocalıb, ağlın itirib”. Bəli qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyi qorumağı arzulayıram…”