Xalq artisti Flora Kərimova son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gəlməkdədir. Belə ki, bu günlərdə onun Bakıda anadan olmuş erməni müğənni Boka (Boris Arkadyeviç Davidyan) haqqında səsləndirdiyi fikirlər heç də birmənalı qarşılanmadı. Xalq artistinin “Boka Bakıya gələrsə, onunla görüşərəm, evimə qonaq edərəm, onunla ana və atasının qəbrini də ziyarət edərəm” deməsi ölkə mətbuatında, sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi.
Bunun ardınca isə xalq artisti “Evdəkilərə salam” verilişində köhnə fotolarını izləyicilərə təqdim edərkən başında tac olan fotosunu göstərməklə tac qalmaqalını yenidən gündəmə gətirib. Bununla bağlı olaraq mətbuatda “Flora Kərimova yeni qalmaqal axtarır?” kimi başlıqlı yazılar da gedib. Məlumdur ki, müğənni İlhamə Quliyeva dəfələrlə mətbuata açıqlamasında sənət aləmində ilk dəfə məhz özünün tac taxdığını iddia etmişdi.
Hər iki olayla bağlı Flora Kərimova musavat.com-a açıqlama verib. Xalq artisti ilk öncə Bakı ermənisi Boka haqqında səsləndirdiyi fikirlərə görə onu qınayanlara cavab verib: “Suçlayanda baxıb görsünlər ki, o adamın millətimə münasibəti necədir? O, yaşadığı, vətən dediyi Azərbaycan torpağını pisləmədi. Mənim populist çıxışılardan zəhləm gedir. Lakin deyim ki, mənim bu fikirlərimlə razılaşanlar çoxdur”.
Flora Kərimova tac qalmaqalına da aydınlıq gətirib: “Mən deməmişəm ki, tacı başıma mən qoymuşam. Çünki, ömrümdə öz sənətimi tac səviyyəsinə, ucuz səviyyəyə endirmərəm. Tanrım mənə verdiyi səs ilə başıma tac qoyub. Gənc yaşlarımda şəkil çəkdirərkən anam xahiş etdi ki, tac qoyum və tacı özü qoydu. Bu şəkillərim o vaxtdan İlhamə Quliyevanı yerindən təpətmişdi. Bu, onun gecəsini, gündüzünü qarışdırdı, bilmirdi ki, neyləsin. O, tacla olan fotolarımı öz anladığı kimi başa düşdü və başladı, millətlə tac davası etməyə…”
Flora Kərimova yaradıcılığındakı son yeniliklər barəsində danışarkən bildirib ki, səhhətində yaşadığı problemlərlə əlaqədar olaraq, həkimlər hələlik ona oxumağa icazə vermirlər: “Mən çox təəccüb edirəm ki, həkimlər indiyə qədər mənə oxumağa icazə vermirlər. Deyirlər ki, yenə də gözlə… Çünki, canımdan orqan kəsilib. Lakin səsim var, qalıb çox şükür. Tez sağalıb oxumaq üçün dərmanlardan həddindən artıq çox istifadə edirdim. Lakin, bu əksinə təsir göstərdi. Bütün bunlara baxmayaraq, arada mahnılarımı məşq edirəm. Bir şey də mənə çox əziyyət verir. Səsim çox böyükdür deyə beynimə təsir edir. İndiyədək 4 mikro insult keçirdiyim üçün hər şeydən çox ehtiyatlı olmalıyam. Ona görə də mahnılara ehtiyatla yanaşmalıyam. Beləliklə, həkim məsləhəti olmadan heç nə etmək istəmirəm. Lakin həkimlərin icazəsi olan kimi yenidən yaradıcılığımla məşğul olacağam”.