`Formula 1`-in bilet satış məntəqəsi açıldı

formula1 azvAvropa Qran Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışı olub.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az-a daxil olan məlumatda bildirilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Park Bulvar ticarət mərkəzində bu ilin yayında Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışını edib.

Ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü, hələlik saat 10:00-dan 22:00-dək xidmət göstərəcək. Bu saatların gələcəkdə mövcud vəziyyətə görə dəyişdirilməsi nəzərdə tutulub. Bununla yanaşı yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin açılışı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlamasına belə münasibət bildirdi: “Biz yerli Formula 1 həvəskarlarına Avropa Qran Prisinə bilet almanı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi vebsaytı vasitəsi ilə yanaşı buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik. Bu işdə tələssinlər, sonraya bilet qalmaya bilər.”

Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar Formula 1 yarışı ilə yanaşı keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.