“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu Maks Ferstappen uğurlu seriyası barədə danışıb.
Yenicag.az xəbər verir ki, Niderland Qran-prisində finişə birinci çataraq, ardıcıl 9-cu dəfə mərhələnin qalibi olan və tarixi rekordu təkrarlayan təcrübəli sürücü sonuncu dəfə Azərbaycanda təşkil olunan mərhələdə qələbə qazanmadığını, lakin Bakıda yoxladıqları müxtəlif rejimlərin hesabına sonradan yaxşı nəticələr əldə etdiyini söyləyib:
“Uğurlu seriyamda Azərbaycan Qran-prisi həlledici rol oynadı. Bakıdakı yarışda avtomobildə bəzi şeyləri necə edəcəyimi və tənzimləyəcəyimi öyrəndim. Düzdür, Bakıda ikinci yeri tutdum. Amma orada avtomobildə bir çox rejimi sınadım. Bu, yarışda mənə problem yaratsa da, sonrakı mərhələlərdə xeyrini gördüm. Bakıda təkərlərimə xeyli zərər vurdum, təkərlər daha tez yeyildilər, amma eksperimentin çox maraqlı olduğu qənaətinə gəldim”.
Qeyd edək ki, aprelin 30-da keçirilən Azərbaycan Qran-prisini “Red Bull”un digər pilotu Serxio Peres qazanıb. Maks Ferstappen hazırda 339 xalla sürücülərin mübarizəsinə başçılıq edir. İkinci sıradakı Serxio Peresin hesabında 201 xal var.
Mənbə: motorsport.com