Polkovnik-leytenant Əbülfəz Kazımovun Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarını şəxsi heyəti üçün yazdığı kitab ətrafında qalmaqal böyüyür.
Yenicag.az xəbər verir ki, polkovnik-leytenant Əbülfəz Kazımovun “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı kitabında mövzu kişi-qadın münasibətləri və cinsəl həyat prizmasından “izah olunub”.
Polkovnik-leytenant mülki-müdafiənin təşkilini öyrənməli olan FHN-in şəxsi heyətini özünün “həyat təcrübəsi” ilə “maarifləndirmək” missiyasını üzərinə götürüb.
Kazımovun sözügedən kitabından verilən bu seçmə “şedevrlər” müəllifin peşə və digər təcrübələri haqda tam təsəvvür yaradır:
“Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”.
“Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: “İstəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.
“Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.
Gündəmə hadisə kimi düşən kitab barədə bu qədər.
Bundan sonra FHN-in qalmaqallı kitabla bağlı mövqeyini öyrənmək zərurətinin nə dərəcədə aktuallığını izah etməyə ehtiyac yoxdur. Təbii, ilk olaraq, FHN-nin varlığı statistik xarakter daşıyan mətbuat xidmətini aradıq.
Həmkarlarımız bu cəhdimizin nəticəsini asanlıqla təsəvvür edə bilərlər. Adının əvvəlində gurultulu, təmtəraqlı, bəzən də vahiməli “Fövqəladə” sözü dayanan qurumun mətbuat xidməti, sadəcə, yoxdur.
Nazirliyin rəsmi saytında mətbuat xidməti ilə əlaqə üçün 2 nömrə qeyd olunub:
012 512 01 80; 012 512 00 10
Onlardan birincisinə zəng vurduqda, operator xanım əzici səsi ilə nömrənin təyin olunmadığını “muştuluqlayır”. 2-ci nömrəyə etdiyimiz davamlı zənglərə isə mətbuat xidmətindən cavab verəcək kimsə tapılmadı.
Belə olduqda, Əbülfəz Kazımovun özünü tapmaq üşün Mülki Müdafiə Qoşunları ilə saxladıq. FHN-ə bağlı bu qurumun Növbətçi Hissəsindən bildirdilər ki, Kazımov hazırda qərargahdadır və onun rabitə yaratmağa çalışacaqlar. Lakin çox qısa müddətdə yüksək operativliklə “təlimatlandırı
Növbətçi Hissənin bizimlə danışan zabitinin iddiasına görə, qərargahda yüksək zabit heyəti ilə sabit rabitə bağlantısı (şəhər telefonu) qurmaq mümkün deyil. Yalnız daxili telefonlar var və onlara da ancaq qərargahdan zəng etmək olar.
Əslində, söhbətin FHN-dən getdiyini nəzərə alsaq, belə texnoloji blefə əl atılması, mediadan ciddi-cəhdlə yayınmaları təəccüblü deyil. Nazirliyin mətbuat xidmətinin rəhbəri, yaxud da lap elə Əbülfəz Kazımovun özü bu barədə nə deyəcəkdilər ki? Bu rəzalətə veriləcək hansı izahatları ola bilər?
Ötən ilin dekabrında Tufandağda itkin düşən alpinistlərin cəsədlərini – Allah onlara rəhmət eləsin – 5 aydan sonra “tapan” Fövqəlnazirlikdən danışırıq…
A.Zeynalov