Fransa Macarıstan matçı heç-heçə bitdi

Futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Yenicag.az xəbər verir ki, turnirin favoritlərindən Fransa millisi Macarıstanla qarşılaşıb. Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib. Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.