Fransa müstəmləkələrindən gələn media nümayəndələri BMTM-də oldular

Fransa müstəmləkələrindən gələn media nümayəndələri Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) olublar.

Yenicag.az xəbər verir ki, əcnəbi media nümayəndələrinin Azərbaycana səfəri və görüş Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində beynəlxalq hüquqla müstəmləkəçiliyin aradan qaldırılması və bu işdə Azərbaycanın rolu, beynəlxalq münasibətlərdə tədqiqat, təhlil və ekspert mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin Fransa müstəmləkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və müstəmləkə xalqlarının səsinin beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verib, görülən işlərdən bəhs edib. O son günlərdə Azərbaycan mediasının Ermənistandan edilən kiberhücumlara məruz qaldığını söyləyib:

“Hazırda şimalda və cənubda qlobal böhranlar hökm sürür. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən gərginlik dolayı yolla əslində Azərbaycana da təsir edir. Biz isə davamlı sülh və əməkdaşlıqda maraqlıyıq. Beynəlxalq hüququ dəstəkləmək və tətbiq etmək lazımdır. Bunun üçün çağırışlar edirik”.

F.Şəfiyev vurğulayıb ki, Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə də müəyyən problemlər yaşanır:

“Biz ikitərəfli münasibətlər, problemin necə yarandığı və bunun öhdəsindən necə gəlmək barədə danışmaq üçün fransız ekspertlərini dəvət etmişik”.

Daha sonra Fərid Şəfiyev və BTQ-nin icraçı direktoru Abbas Abbasov əcnəbi media nümayəndələrinin suallarını cavablandırıblar.