Fransa NATO-nun hərbi qanadını tərk edəcək – Baş nazirliyə namizəddən Ukrayna AÇIQLAMASI

“Biz Ukraynaya dəstəyə qarşı deyilik, lakin bu dəstək elə çərçivədə həyata keçirilməlidir ki, iki nüvə dövləti üz-üzə gəlməsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri Fransada müxalif “Milli Ralli” partiyasının baş nazirliyə namizədi Jordan Bardella “AFP” ilə söhbətində deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal edib və Ukraynanın özünü müdafiə haqqı var, çünki Rusiya işğalçıdır.

“Fransa Ukrayna müharibəsi bitdikdən sonra Şarl de Qoll dövründə olduğu kimi, NATO-nun hərbi qanadını tərk edəcək və alyansın hərbi siyasətində iştirak etməyəcək. Bu 2027-ci ilə qədər həyata keçiriləcək. Bunun üçün Ukrayna müharibəsi bitməli və qitənin şərq sərhədlərində təhlükəsizlik anlaşması imzalanmalıdır. Daha sonra biz NATO-nun hərbi qanadından ayrılacağıq”, – deyə o bildirib.

Müxalifətçi əmindir ki, Fransa öz nüvə silahlarını NATO-nun nüvə planlama qrupuna (NAP) əsla verməyəcək və Fransanın nüvə gücü yalnız özünün nəzarətində qalmağa davam edəcək.

“Fransa olaraq Avropa Birliyində ciddi islahatların keçirilməsini tələb edəcəyik. Eyni zamanda, Fransa kənd təsərrüfatı sektorunun müdafiəsi üçün proteksionist tədbirlər də mümkündür. Rusiya Fransanın gələcək təhlükəsizliyi naminə əsla qalib gəlməməlidir. Ona görə ki Rusiya qalib gələrsə, iddiaları güclənəcək və bu bizim döyüşmək ehtimalımız demək olacaq. Fransız əsgərləri Ukraynada həlak olmayacaq və Ukraynada döyüşmək üçün göndərilməyəcəklər. Buna baxmayaraq, Fransa Ukraynaya dəstəyi davam etdirə bilər”, – deyə Bardella söyləyib.

Rafi Müslümov

COP29