Fransa-Rusiya həmfikirliyi: “Regionda maraqları olan ölkələr Qarabağda qarışıqlığın olmasını istəyir” – RƏY
“Fransa kimi Rusiyanın da münaqişənin alovlanmasında marağı var”.
Bunu Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidən ardıcıl atəşkəsin pozulmasını, Qarabağ ətrafında gedən oyunları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.
Tərlan Eyvazov bildirib ki, regionda maraqları olan ölkələrin hamısı Qarabağda qarışıqlığın olmasını istəyirlər:
“Qarabağ ətrafındakı məsələ həddən ziyadə qəlizdir. Fransa Qarabağ məsələsinə durduq yerə burun soxmur. Fransa istəyir ki, bölgədə qarışıqlıq olsun. Fransa Ermənistanı özünə dost bilib bu addımları atmır. Hər kəs öz marağından çıxış edir. Fransanın Qarabağda aranı qarışdırmağı Türkiyə, ABŞ , Avropa Birliyi sayəsində sülhə nail olmaq yönündə işartıları əngəlləmək üçündür. Fransa Senatının sonuncu qərarını gündəmdən silmək doğru deyil. Yeri gəlmişkən, bu Fransa Senatının müharibədən sonra Azərbaycan əleyhinə ikinci qərarıdır. Ermənilər dəfələrlə istər Fransa, istərsə də digərləri tərəfindən oyuna gətirilsələr də, yenə onlardan ürəklənirlər və əvvəl dediklərinin əleyhinə getməyə başlayırlar. Vitali Balasanyanın bir il bundan əvvəlki çıxışlarını izləsək, indiki çıxışları arasında yerlə göy qədər fərq olduğunu görərik. Bu o deməkdir ki, onlar kənardan körüklənirlər. Digər tərəfdən Moskvanın da ritorikası dəyişib. Bu da ondan irəli gəlir ki, Moskvanın atdığı addımlara Azərbaycan rəhbərliyi çox qısa və konkret münasibət bildirdi. Rəsmi Bakı bildirdi ki, Moskvanın imisarını qəbul etməyəcək. Bu da Moskvanın münasibətləri kəskinləşdirməsinə səbəb olur.
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda iclası keçirilir. Həm ermənilər, həm də Rusiyanın özündə də KTMT qınağa məruz qalır. Ruslar açıq deyirlər ki, KTMT niyə görə Ukraynada onlara kömək etmir. Məsələ ondadır ki, ermənilər də KTMT-ni Ermənistana da kömək etməməkdə günahlandırırlar.
Ermənistan sərhəddə olan qüvvələrinin sayını artırır, mühəndis-istehkam işləri görür. Digər tərəfdən də Ermənistanın hərbi büdcəsi şişməkdə davam edir. Hətta revanşist qüvvələrin hakimiyyətdə olduğu dönəmdən də Ermənistanın hərbi büdcəsi çoxdur. Bir tərəfdən də Qarabağdakı ermənilərin revanşist davranışlarını açıq-aydın görürük. Onlar həyasızcasına hətta Şuşanı belə atəşə tutmaqdan çəkinmirlər.
Bunların hamısı ona xidmət edir ki, ara qarışsın. Fransa hakimiyyəti Senatın tövsiyə xarakterli qərarını yerinə yetirmir. Azərbaycan parlamenti də onlara qarşı müəyyən addımlar atıb. Azərbaycan Prezidenti də Əlcəzairdə çıxışında Fransaya müəyyən mesajlar verib. Əgər ara qızışacaqsa və vəziyyət dəyişəcəksə çox güman ki, Fransa hökuməti müəyyən addımlar atacaq. Hesab edirəm ki, Rusiya da müəyyən addımlar atacaq. Çünki Fransa kimi Rusiyanın da münaqişənin alovlanmasında marağı var. Çünki qüvvələr parçalanır, diqqət yayınır. Ukraynadakı məsələ müəyyən qədər səngiyir.
İranda da olan məsələlər həddən ziyadə bizi narahat etməlidir. İranda olan qarışıqlıq pik həddə çatır. Suriyada eyni hallar yaşananda bunun ziyanı birinci növbədə Türkiyəyə dəymişdi. İranda baş verən qarışıqlığın da ziyanı birinci növbədə Azərbaycana dəyəcək. Ona görə də qonşu dövlətlərdə mütləq sabitliyin və soydaşlarımızın hüquqlarının qorunmasında maraqlıyıq”.
Səxavət Məmməd