Fransa Senatının qətnaməsinə “DİŞSİZ CAVAB”: “Xarici İşlər Nazirliyi və səfirliklərimiz tapşırıq gözləyirlər ki…” – RƏY

“Azərbaycandakı səlahiyyətli qurumlar Fransanın bu təxribatına ictimai ovqata uyğun şəkildə münasibət bildirmədilər”.

Bu fikirləri Fransa Senatının bu il noyabrın 15-də qəbul etdiyi antiAzərbaycan qətnaməyə Bakının təpkisinin adekvat olmaması haqda yanaşmalara münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinə qarşı harada olursa-olsun, təxribata əl atılırsa, buna operativ cavab verilməlidir:

“Çox təəssüf ki, bəzi rəsmi qurumlar və şəxslər ölkə əhəmiyyətli hansısa məsələyə operativ reaksiya vermək əvəzinə gözləmə mövqeyi tuturlar. Mən son müsahibələrimdən birində qeyd etmişdim ki, məsələ dövlətçilikdirsə, heç yerdən tapşırıq gözləməyə ehtiyac yoxdur. Yəni Azərbaycan dövlətçiliyinə qarşı harada olursa-olsun, təxribata əl atılırsa, buna operativ cavab verilməlidir.

Fransa Senatında həmin məsələ ilə bağlı səsvermənin nəticələri demokratiya adına qara ləkədir. Cəmi bir nəfər əleyhinə səs verib. Ancaq Azərbaycandakı səlahiyyətli qurumlar Fransanın bu təxribatına ictimai ovqata uyğun şəkildə münasibət bildirmədilər.

Çox təəssüf ki, xarici ölkələrdəki səfirlərimizin çoxu üzərlərinə düşən vəzifəni yetərli səviyyədə icra etmirlər. Oturub tapşırıq gözləyirlər ki, bunlara nəsə deyilsin və onlar da hərəkətə keçsinlər. Bu prinsiplə işlədiyimizə görə uduzuruq. Çünki vaxtında verilməyən reaksiyanın effekti istənilən kimi olmur.

Yenə bir haşiyə çıxım. Mən tarixçiyəm. Elm və Təhsil Nazirliyinə dəfələrlə məktub göndərmişik ki, Azərbaycan tarixinin tədris saatları artırılsın. Ancaq bu müraciətlərimiz sanki daşa dəyir, heç bir cavab verilmir. Əslində, nazirin özü cəhd etməlidir ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizin təbliği və öyrədilməsi üçün tarix dərslərinin saatı artırılmalıdır. Amma özlərini elə aparırlar ki, elə bil bu məsələnin onlara dəxli yoxdur.

Xarici İşlər Nazirliyi və səfirliklərimiz də bir iş görmək üçün tapşırıq gözləyirlər. Amma iyirmi birincə əsrdə təbliğat belə qurulmamalıdır axı… Dediyimiz səbəbdən, Fransa Senatının məlum qətnaməsinə cavabımız istənilən səviyyədə olmadı. Bu işin də ağırlığını yenə prezidentimiz öz üzərinə götürdü. Prezident bu barədə sərt fikirlər bildirdi, hətta YAP-ın 30 illik yubiley tədbirində də o haqda danışdı. İş görməli olanlar isə həmin çıxışı alqışlamaqla kifayətləndilər. Halbuki prezidentin çıxışına qədər onlar məsələyə reaksiya verməli idilər”.

A.Zeynalov