“Fransa torpaq paylamağa adət edibsə, ilk növbədə özündən başlasın” – Deputat

Fransada keçirilən prezident seçkisinin birinci turunda qalıb gələn namizədlərdən biri, Emmanuel Makron Parisdə “erməni soyqırımı” mərasimində çıxışı zamanı deyib ki, prezident seçilsəm, Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm:

“Bu gün təfərrüatı ilə heç nə danışmayacam, amma mənim burda olmağım artıq çox söz deyir. Siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil”.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, Fransada seçki kampaniyasında iştirak edənlər ermənipərəst mövqe ifadə edənlərdir:

“Onlar hətta erməni lobbisinin dəstəyini qazanmaq üçün bu çağırışı səsləndirir və beynəlxalq hüquq normalarına tərbiyəsiz davranış nümayiş etdirirlər. Onlara demək lazımdır ki, Fransanın hansısa bir əyalətini İspaniyaya və yaxud da İngiltərəyə verə bilərsiniz? Siz belə torpaq paylamağa adət etmisinizsə, ilk növbədə özünüzdən başlayın. Bu, hüquqi tərbiyəsizliyə qarşı hər hansı şəkildə susmaq olmaz. Azərbaycan tərəfi də məsələyə öz mövqeyini bildirməlidir. Əks halda bu çıxış və çağırışlar gələcəkdə həqiqətən də müəyyən problemlər yarada bilər. Bizim münasibətimiz çox kəskin olmalıdır. Bu, bir özbaşınalıqdır”.

Politoloq Qabil Hüseynlinin fikrincə, digər namizədlərlə müqayisədə liberal Makron nisbətən ehtiyatlı davranır və Qarabağ münaqişəsi ilə bağlı daha mülayim ifadələr səsləndirir:

“Fransa ermənipərəst dövlətdir. Həmişə ermənilərin yanında olublar və olacaqlar da. Makron haqqında hər hansı bir müsbətə doğru fikir səsləndirməyə çətinlik çəkirəm. Çünki Fransanın ənənəvi siyasəti ermənipərəstdir. Elə Rusiya və Ermənistanın ucbatından Minsk Qrupu tarixi labirintə girdi. Bu problemin həllində də arabanın beşinci təkərinin funksiyasını yerinə yetirməyə başladı. Ona görə də Minsk Qrupu anlayışı artıq tükənib. Hətta onlar özləri də deyirlər ki, “Azərbaycan və Ermənistan razılığa gəlib barışsınlar, biz də öz növbəmizdə “hə” deyək”. Bu format indiyə qədər problemin həllində heç bir iş görməyib, təkcə Ermənistanın təcavüzkar olması faktını etiraf edib”.

Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu isə mayın 7-də keçiriləcək.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az