Fransada AKSİYA: Avtomobillər yandırıldı, mağazalar talan edildi – Saxlanılanlar var

Noyabrın 24-də Fransa parlamentində “Qlobal təhlükəsizlik haqqında” qanunun 24-cü maddəsinə edilən müvafiq dəyişiklikdən sonra ötən həftənin şənbə günündən etibarən Parisdə Jurnalist həmkarlar ittifaqları və müxalif qüvvələrin etiraz nümayişləri davam edir. 

Yenicag.az “Sputnik France”a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıb və üç avtomobili yandırıblar.

Yanğın Qambetta prospektində olub, partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

“Hər kəs polisə nifrət edir” şüarı ilə etirazçılar avtomobilləri yandırıb, ofis və ticarət mərkəzlərinin şüşələrini qırıb, polisin üzərinə qablara doldurulmuş boya atıblar”, – deyə məlumatda bildirilib. Nəticə etibarı ilə  şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfər saxlanılıb.

Polis nümayişçilərə gözyaşardıcı qazlardan və su şirnaqlarından istifadə edib.

Etiraz aksiyaları Fransanın digər şəhərlərində də davam edir.